Əsas Səhifə > Cəmiyyət > İNTERPOL SEVİNC BABAYEVANI AXTARIŞA VERDİ

İNTERPOL SEVİNC BABAYEVANI AXTARIŞA VERDİ


25-12-2012, 12:19
İNTERPOL SEVİNC BABAYEVANI AXTARIŞA VERDİ
GÜLƏR ƏHMƏDOVANIN ORTAĞI ARANIR

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayeva beynəlxalq axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, S. Babayeva ölkədən qaçdığı üçün onu respublikada həbs etmək mümkün olmayıb. Azərbaycan hüquq-mühafizə orqanları S. Babayevanı hansı ölkədə gizləndiyini müəyyən edərək onun tutulması üçün İnterpola müraciət edib.

Artıq S. Babayevanın beynəlxalq axtarışda olması barədə məlumat İnterpolun rəsmi internet səhifəsində də yerləşdirilib. İnterpolun saytında S. Babayevanın dələduzluq faktı ilə əlaqədar Azərbaycan tərəfindən axtarıldığı qeyd edilir. (http://www.interpol.int/Wanted-Persons/%28wanted_id%29/2012-350748)

Xatırladaq ki, APA bir müddət əvvəl S. Babayeva ilə bağlı hələ bir neçə il əvvəl dələduzluq faktına görə cinayət işinin başlanmasına dair məlumat yaymışdı. Həmin məlumata görə, S. Babayeva bir neçə ilə əvvəl dələduzluqda ittiham edilib. O, 2009-cu ildə torpaq alğı-satqısı adı ilə vətəndaşlara 100 min manatdan artıq ziyan vurub. Həmin fakt üzrə o vaxt Bakının Sabunçu rayon Polis İdarəsinə daxil olan şikayət əsasında dələduzluq faktına görə cinayət işi başlanıb və S. Babayeva məsuliyyətə cəlb edilib. İstintaq zamanı S. Babayeva tərəfindən vətəndaşlara dəymiş ziyanın əsas hissəsi ödənildikdən sonra işə xitam verilib.
İNTERPOL SEVİNC BABAYEVANI AXTARIŞA VERDİ

Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, S. Babayevanın vətəndaşlara qarşı bundan başqa da dələduzluq əməlləri olub.

Qeyd edək ki, sentyabrın 25-də internetdə E. Abdullayev, deputat Gülər Əhmədova və Sabir adına Kitabxananın direktoru Sevinc Babayeva ilə bağlı video material yayılıb. Video materialda deputatla sabiq rektor və vasitəçi kimi təqdim olunan S. Babayeva arasında E. Abdullayevin Milli Məclisin üzvü seçilməsi üçün yüksək məbləğdə rüşvət verməsi, ondan əlavə məbləğ istənilməsi barədə dialoq əksini tapıb.

Məlum video yayıldıqdan sonra deputat G. Əhmədova istintaqa çağırılaraq dindirilsə də, S. Babayeva ölkədən qaçdığı üçün onun ifadəsini almaq mümkün olmayıb. /apa/

Geri qayıt