Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LƏNKƏRANDA "QAZLAMA" ƏMƏLİYYATI

LƏNKƏRANDA "QAZLAMA" ƏMƏLİYYATI


25-12-2012, 10:43
LƏNKƏRANDA "QAZLAMA" ƏMƏLİYYATI
EVLƏRƏ SAXTA SAYĞACLAR QURAŞDIRILIR

«Azəriqaz»ın yerli nümayəndələri Lənkəranda əhalini aldatmaqla məşğuldur. Belə ki, əhali istifadə etdiyi təbii qazın miqdarına görə pul ödəməli olduğu halda, ondan iki dəfə artığını ödəmək məcburiyyətində qoyulur.
Bu barədə TİA.AZ-a məlumat verən Liman şəhər sakini Zəhra Hüseynova bildirir ki, 20 ilə yaxındır ki, Lənkəran qaz istismarı sahəsində abonent kimi qeydiyyatdadır. Onun sözlərinə görə, hər ay qaz sayğacı onun «mavi yanacaq» istehlakına görə 120-140 manat yazır. «Mən hər ay qaz istehlakına görə 30 AZN ödəsəm də, buna baxmayaraq xeyli miqdarda debitor borc yaranıb. Bunun səbəbi heç də mənim qazı istehlak etməyimdə deyil, sadəcə, sayğacın saxta olmasındadır».
Zəhra xanım bu saxtakarlığın necə həyata keçirildiyi barədə də məlumatlı olduğunu yazır. O bildirir ki, əvvəllər qurulmuş 2,5 kubmetr/saat gücündə olan sayğaclar 4,0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənib. «Bu sayğacların əvvəlkilərindən fərqi istehlak olunan qazın miqdarını təxminən 2-2,5 dəfə artıq qeyd etməkdir. Məsələyə bir az da aydınlıq gətirsək, bu sayğaclar elə tənzimlənib ki, vətəndaş 2 manatlıq maye qaz işlədirsə, sayğac bunu 4-5 manat kimi qeydə alır. Buna da səbəb “Azəriqaz”ın öz tabeliyində olan “Qazsazlama” idarəsi ilə əlbir olmasıdır. Yəni 2 fərqli təşkilatın bir əldə birləşməsi əhalini mədəni şəkildə soymağa əlverişli şərait yaradır».
O qeyd edir ki, sayğacın ekspertizaya göndərilməsi üçün dəfələrlə Lənkəran qaz istismarı sahəsinin rəhbərliyinə müraciət etsə də, idarədən şikayətinə məhəl qoyulmayıb.

Geri qayıt