Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏMALƏDDİN HEYDƏROV SUMQAYITDA FABRİK AÇIR

KƏMALƏDDİN HEYDƏROV SUMQAYITDA FABRİK AÇIR


24-12-2012, 12:08
KƏMALƏDDİN HEYDƏROV SUMQAYITDA FABRİK AÇIR
ELDAR ƏZİZOV İSƏ 51 METRLİK TORT BİŞİRİB

Prezident İlham Əliyev 51 yaşını qeyd etmək üçün Sumqayıta gedib. Belə ki, orada bu münasibətlə bir neçə müəssisənin, o cümlədən “Gilan” holdinqin toxuculuq fabrikinin açılışı olacaq.

Həmçinin prezidenti Sumqayıt meri Eldar Əzizovun təşəbbüsü ilə hazırlanan ənənəvi tort gözləyir. Sumqayıtın indiki meri prezidentin doğum günü münasibətilə “ictimai tort”un bişirilməsi ənənəsini hələ bir neçə il əvvəl Gəncə şəhərinin rəhbəri postunda olarkən qoyub. İlk tortun uzunluğu 47 metr təşkil edib və hər il prezidentin yaşına uyğun olaraq 1 metr artıb. Bu il uzunluğu 51 metrə çatan tort Kimyaçılar Sarayının qarşısında qoyulub.

Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, polis tortu əhatəyə alaraq dövlət başçısının gəlişini gözləyir.

Ötən il çəkisi 12 ton olan tortun hazırlanmasına 22 min ədəd yumurta, 2 ton un, 400 kq. kərə yağı, 300 kq. qoz sərf olunmuşdu.

Prezidentin gəlişi ilə əlaqədar şəhərdə nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb. Polis kordonları şəhərə nəqliyyatın girişini məhdudlaşdırıblar.

Geri qayıt