Əsas Səhifə > Partiya > CƏBHƏÇİLƏR SONRA GƏLDİ

CƏBHƏÇİLƏR SONRA GƏLDİ


15-11-2011, 17:50
CƏBHƏÇİLƏR SONRA GƏLDİ

MERİYA QARŞISINDA AKSİYALAR DAVAM EDİB

Xəbər verdiyimiz kimi, noyabrın 15-də İctimai Palata gənclərinin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirilib. Palatanın Müsavat və Demokrat partiyalarından olan üzvlərinin saat 14-də keçirdiyi aksiyadan təxminən 1 saat sonra qurumun Xalq Cəbhəsi Partiyasından olan üzvləri etirazı davam etdiriblər.

“Media forum” saytı xəbər verir ki, İctimai Palatanın Xalq Cəbhəsi Patyiyasından olan üzvləri Sabir bağı yaxınlığında toplaşaraq paytaxt meriyası istiqamətinə yürüş ediblər.

Meriyanın razılıq vermədiyi aksiyaya müdaxilə edən polislər aksiyaçıların qarşısını kəsib, bəzi aksiyaçılara zor tətbiq olunub. AXCP sədrinin müavini Gözəl Bayramlı meriya binası önündə aksiyanın qətnaməsini oxuya bilib.

Aksiya iştirakçılarından Vaqif Talıbov, Dəyanət Babayev və Məmməd İbrahimli saxlanılaraq Səbail rayon 9-cu polis bölməsinə aparılıblar.

“İçərişəhər” metro stansiyasına sıxışdırılan aksiyaçılar etirazlarını metronun içində də ifadə ediblər.

Aksiyada “2 aprel məhbuslarına azadlıq”, “İstefa”, “Rədd olsun diktatura” şüarları səsləndirilib.

Bir müddət əvvəl gənclər noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin və ya Bakı Apellyasiya Məhkəməsinin qarşısında piket keçirmək üçün meriyaya müraciət etmiş, piketdə 2 aprel aksiyasına görə tutulanların azadlığa buraxılmasını və sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etmək fikrində olduqlarını açıqlamışdılar. Ancaq meriya sözügedən yerlərin heç birində piketin keçirilməsini məqsədəuyğun saymamışdı.


Geri qayıt