Əsas Səhifə > Sosial, Manşet > «AZƏRİQAZ» RƏHBƏRLİYİNİ SAYA SALMAYAN RƏİS

«AZƏRİQAZ» RƏHBƏRLİYİNİ SAYA SALMAYAN RƏİS


21-12-2012, 12:51
«AZƏRİQAZ» RƏHBƏRLİYİNİ SAYA SALMAYAN RƏİS
OBYEKTLƏRƏ TALANA ÇIXAN ELDƏNİZ HƏSƏNLİ YUXARIDA KİMƏ GÜVƏNİR?

DİA.AZ: - Son günlər ölkə üzərə dəm qazından boğulma halları artıb. Əslində bunun nədənləri ilə əlaqədar davamlı şəkildə oxucularımıza məlumat versək də, hələ də əlaqədar qurum olan «Azəriqaz» İstehsalat Birliyi dəm qazından boğulma halları zamanı günahın vətəndaşlarda olduğunu iddia etməkdədir. Halbuki evlərə verilən təbii qazın tərkibinin normalara uyğun olmaması və zəhərli maddələrlə zəngin olması barədə dəfələrlə ekspert rəyləri açıqlanıb.

Onu da bildirək ki, ən bərbad mənzərə Yasamal rayonu ərazisindədir ki, bu da paytaxtın ən böyük rayonlarından birinin demək olar ki, nəzarətsiz buraxılması anlamına gəlir. Bununla bağlı DİA.AZ-a danışan məlumatlı mənbə bildirir ki, Yasamal rayonunda bu gün demək olar ki, ixtisaslı kadrlar yox dərəcəsindədir. Yasamal rayon Qaz İstismar Sahəsinin rəisi Eldəniz Həsənlinin isə ümumiyyətlə bu istiqamətdə yarıtmaz kadrdır və işi-gücü pul toplamaqdır.

Mənbəmizin iddia etdikləri: «Elə bu yaxınlarda Eldəniz Həsənlinin kadrlarının toplu halda prokurorluq orqanları tərəfindən həbs edilməsi də bir sübut kimi qəbul olunmalıdır. Bu faktlar da sübutlayır ki, sözügedən idarədə yalnız bir prinsip var: DAHA ÇOX PUL QAZANMAQ». Mənbəmiz bildirir ki, məhz bu prinsiplə çalışan Eldəniz Həsənli ilə bağlı dəfələrlə hətta ARDNŞ rəhbərliyinə şikayətlər ünvanlansa da, heç bir reaksiya verilməyib: «Bu isə onun «yuxarıların» «dolya»sını vaxtlı-vaxtında çatdırması ilə əlaqələndirilir».

Onu da qeyd edək ki, bu yaxınlarda “Azəriqaz” İstehsalat Birliyinin 5 əməkdaşı barədə cinayət işi başlanılması xəbəri yayıldı. Xəbərdə deyilirdi ki, “Azəriqaz”ın 5 çilingəri abonentlərin qaz xətlərinə müdaxilə etməsinə, qaz pulunun müəyyən edilmiş tarif əsasında ödənilməməsinə şərait yaradıb və göz yumub: “ May ayında Yasamal rayon Qaz İstismar Sahəsindən “Azəriqaz” İB-nə məktub daxil olub. Məktubda qeyd edilib ki, hadisə nəticəsində idarəyə ümumilikdə 9539 manat 4 qəpik ziyan vurulub. “Azəriqaz” İB də məsələ ilə bağlı Bakı şəhər Prokurorluğuna müraciət edib və məsələnin araşdırılmasını istəyib”. Faktla bağlı prokurorluqda idarə əməkdaşları Rauf Məmmədov, Oqtay Yaqubov, Mehman Xudayarov və Ramiz Əliyev barəsində Cinayət Məcəlləsinin 189.1.4-cü (Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması) maddəsi ilə cinayət işi başlanıb.

Bu faktdan da aydın olur ki, əslində kimlərsə tərəfindən himayə olunan Eldəniz Həsənli ilə bağlı hətta «Azəriqaz» rəhbərliyi də hansısa ölçü götürə bilmir. Çünki normalda 5 işçisi həbs olunan rəhbərin özü barədə də hansısa ölçü götürülməli idi və ən azından Eldəniz Həsənli məsuliyyətə cəlb olunmasa da, işindən atılmalı idi. Lakin bu baş vermədi və gələn məlumatlarda deyilir ki, bu gün özünü kifayət qədər arxayın hiss edən Eldəniz Həsənli ayrı-ayrı obyektlərə yenidən hücuma keçib: «Soyuq qışın gəlməsi, sahə rəisi üçün əlavə fürsət verib ki, yenidən maddi imkanlarını genişləndirsin».

Bütün tərəfləri dinləməyə hazırıq.

Geri qayıt