Əsas Səhifə > Dünya > PENTAQONDAN MÜHÜM ETİMAD

PENTAQONDAN MÜHÜM ETİMAD


15-11-2011, 15:01
PENTAQONDAN MÜHÜM ETİMAD

“AZƏRBAYCAN ABŞ-IN REGİONDAKI MARAQLARININ ƏSAS HİSSƏSİDİR”

Vaşinqtonun aparıcı tədqiqat institutlarından biri olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin son araşdırmasında qeyd olunur ki, Azərbaycan ABŞ-la sıx əlaqələrini davam etdirir və bu münasibətlər İranın narahatlığını artırır və Tehranın ölkədəki nüfuzunu məhdudlaşdırır.

“Buna baxmayaraq, İran regionda əhəmiyyətli güc kimi qalmaqdadır və Bakı bu gücü nə qıcıqlandıra, nə də bu gücə məhəl qoymaya bilər”. Mərkəzin tədqiqatçıları APA-nın Vaşinqton müxbirinə belə deyiblər.

Müəlliflərdən biri, ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat şöbəsinin keçmiş direktoru Entoni Kordsman bildirib ki, Azərbaycan ABŞ-İran strateji rəqabətində həlledici komponent deyil, lakin ABŞ-ın regiondakı maraqlarının mühüm bir hissəsidir. O, xatırladıb ki, Azərbaycan Əfqanıstandakı hərbi əməliyyatların maddi-texniki təchizatında ABŞ üçün vacib komponentlərdən biridir: “Əfqanıstana uçan ABŞ və koalisiya təyyarələri bu ölkənin ərazisindən keçir, yanacaq doldurmaq üçün burada yerə enir. Hərbi qüvvələrin təchizatı üçün yanacaq, ərzaq və tikinti materialları da bu ölkənin ərazisindən daşınır. Azərbaycanın neft sərvəti ABŞ və İranın maraqlarının potensial kəsişmə nöqtəsidir. Xəzər dənizinin neft ehtiyatlarına sahib olan Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Qərb şirkətlərinin diqqət obyektinə çevrilib”.

Tədqiqatçılar bildirir ki, ABŞ və Azərbaycan ikitərəfli ticarət sazişi bağlayıblar: “Saziş 1995-ci ilin aprelində qüvvəyə minib və Azərbaycana imtiyazlı ölkə statusu verib. ABŞ şirkətləri Azərbaycanla birlikdə offşor neft yataqlarının işlənməsinə dair layihələr həyata keçirirlər. Bu layihələr böyük investisiya imkanları yaradır. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2010-cu ildə 2.3 milyard ABŞ dolları təşkil edib”.

Müəlliflərin fikrincə, ABŞ-Azərbaycan dialoqundan, ABŞ-ın yardımından və Azərbaycanın ABŞ-a regionda həlledici oyunçu kimi inanmasından çox şey asılıdır.

Hesabatda bildirilir ki, İran Ermənistanda əhəmiyyətli iqtisadi rol oynayır və burada nüfuzunu artıraraq, Azərbaycanın və Türkiyənin narahatlığına səbəb olur.

“Regionda müttəfiqə həddən artıq ehtiyacı olan Ermənistan İranın dəstəyini həvəslə qəbul edib”.


Geri qayıt