Əsas Səhifə > Partiya > ƏRƏSTUN ORUCLUDAN MÜXALİFƏTƏ İTTİHAM

ƏRƏSTUN ORUCLUDAN MÜXALİFƏTƏ İTTİHAM


18-12-2012, 12:29
ƏRƏSTUN ORUCLUDAN MÜXALİFƏTƏ İTTİHAM
"XARİCDƏN NAMİZƏD GÖZLƏMƏKDƏNSƏ"...

Avropa Şurası Parlament Assambleyasının məruzəçiləri Pedro Aqramunt və Josef Debono Qrex tərəfindən Azərbaycana dair hazırlanan yeni məruzənin əvvəlki məruzələrdən fərqli olaraq tənqidi fikirlərlə zənginliyi diqqəti cəlb edib. Azərbaycanın müxalifət cameəsi bunu məruzəçilərin nəhayət “kürü diplomatiyası”nın təsirindən çıxmasının əlaməti kimi qiymətləndirməsinə baxmayaraq, məruzəçilərdən Pedro Arqamunt BBC-nin Azərbaycan xidmətinə müsahibə verərək müxalifətin yanıldığını ortaya qoyub. O, qeyd edib ki, Azərbaycan müxalifəti düşünür biz tamamilə Azərbaycan hökumətinə qarşı olmalıyıq. Azərbaycan hökuməti bütün öhdəliklərini yerinə yetirir.


Qeyd edək ki, bundan öncə də AŞPA-nın Monitorinq Komitəsi Azərbaycanla bağlı tənqidi hesabat yaymışdı.

Beynəlxalq təşkilatların və onların rəsmilərinin ikili mövqedən çıxış etməsi ilə bağlı FaktXeber.com-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu maraqlı fikirlər səsləndirdi. Politoloq bildirdi ki, baş verənlərin hamısı normal bir praktikadır: “ Hal-hazırda məsələlərə balanslaşdırılmış mövqedən yanaşılır. Təbii ki, bunun da məqsədi var. Beynəlxalq təşkilatlar səfirliklər və digər diplomatik statusu olan qurumlar açıq mövqe sərgiləmək istəmirlər. Çünki istənilən tənqidi yanaşma müxalifət tərəfindən təzyiq kimi qiymətləndirilir. AŞPA-nın hesabatına qarşı olan münasibət deyilənlərə bariz nümunədir. Eyni halda hər hansı bir müsbət fikir səsləndirilən kimi müxalif cameə bunu tənqid edir. Bütün səsləndirilən ifadələr, qeyri-müəyyən hesabatlar fonunda hər iki tərəfin həm müxalifətin, həm də ki, iqtidarın ünvanına həqiqətlər söylənilir.”

Ekspert onu da bildirdi ki, diplomatik səviyyədə deyilən tənqidi sözlərlə 18-20 yaşlı müxalifətçinin facebookda hakimiyyətin əleyhinə yazdığı ifadələr fərqlənməlidir: “Hesab edirəm ki, beynəlxalq təşkilatlar tərəfindən təqdim olunan sənədləri hərdən sətir altı oxumağı da bacarmaq lazımdır. Əgər tənqidi fikirlər səsləndirilirsə, hökmən lazım deyil orada “pis” ifadəsi işlədilsin. Vəziyyətin ideal və ya yaxşı olması ilə bağlı hər hansı bir söz yoxdursa, eyni zamanda problemlərin mövcudluğu vurğulanırsa bu ciddi dəyərləndirilməlidir. Digər tərəfdən təqdim olunan sənədlərə reaksiya adekvat deyil. Xüsusilə müxalif düşərgədə. Bunun da səbəbi budur ki, həm iqtidar, həm də müxalif düşərgə prezident seçkilərinə 9 ayın qalmasına baxmayaraq namizədlə bağlı razılaşa bilməyiblər.”

Hər iki düşərgənin xaricdən və beynəlxalq təşkilatlar tərəfindən verilən bəyanatlara ciddi reaksiya verdiyini bildirən Ərəstun bəy, “belə bir hal təəssüf doğurur. Bu onun göstəricisidir ki, nəyinki seçkilərin müqəddəratı, hətta az qala namizədin kimliyinin müəyyənləşdirilməsi ilə bağlı xaricdən direktivlər gözləyirlər”, - deyə bildirdi: “Hesab edirəm ki, iqtidar və ya müxalifət hansı bacarırsa ilk öncə üzünü xalq tərəf tutmalıdır. Xaricdən namizədin müəyyən olunacağı və ya gəlib prezident seçəcəkləri ilə bağlı nəysə gözləmək hesab edirəm ki, olduqca qeyri-konstruktiv bir mövqedir. Hazırda Azərbaycanda məsələlərə bu cür yanaşmaq çox böyük üstünlük təşkil edir. Əgər xaricdə belə hal 10%-dirsə, Azərbaycanda bu göstərici 90%-dir. Ona görə də Azərbaycanda beynəlxalq təşkilatlar tərəfindən verilən açıqlamalara və bəyanatlara göstərilən reaksiya olduqca yüksəkdir.”

Geri qayıt