Əsas Səhifə > Hadisə > POLİS ZOR TƏTBİQ ETDİ, TUTULANLAR VAR

POLİS ZOR TƏTBİQ ETDİ, TUTULANLAR VAR


15-11-2011, 14:46
POLİS ZOR TƏTBİQ ETDİ, TUTULANLAR VAR

MÜXALİF GƏNCLƏR AKSİYA KEÇİRDİ

Noyabrın 15-də İctimai Palata gənclərinin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirilib.

Meriyanın razılıq vermədiyi aksiyaya iştirakçılar iki istiqamətdən başlayıblar. Polis “İçərişəhər” metro stansiyası qarşısında aksiyaçıların bir qrupunun qarşısını kəssə də, digər bir qrup meriyanın binasına yaxınlaşa bilib.

Polis aksiyaçılara zor tətbiq edib, plakatları alaraq cırıb və bir neçə nəfəri döyüb.

Aksiya iştirakçılarından Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli, Müsavat Gənclər Təşkilatının üzvləri Rauf Məmmədli, Elnur Əsgərov, Kərim Ağarzayev, Cavid Ələkbərov, Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyev saxlanılaraq Səbail rayon 9-cu polis bölməsinə aparılıblar.

Aksiyada “2 aprel məhbuslarına azadlıq”, “İstefa”, “Rədd olsun diktatura” şüarları səsləndirilib.

İştirakçılara aksiyanın qətnaməsini oxumağa imkan verilməyib.

Bir müddət əvvəl gənclər noyabrın 15-də Bakı Şəhər İcra Hakimiyyətinin və ya Bakı Apellyasiya Məhkəməsinin qarşısında piket keçirmək üçün meriyaya müraciət etmiş, piketdə 2 aprel aksiyasına görə tutulanların azadlığa buraxılmasını və sərbəst toplaşmaq azadlığının təmin olunmasını tələb etmək fikrində olduqlarını açıqlamışdılar. Ancaq meriya sözügedən yerlərin heç birində piketin keçirilməsini məqsədəuyğun saymamışdı.


Geri qayıt