Əsas Səhifə > Dünya > BAŞ PROKUROR İSTEFA VERMƏLİ OLDU

BAŞ PROKUROR İSTEFA VERMƏLİ OLDU


18-12-2012, 10:57
BAŞ PROKUROR İSTEFA VERMƏLİ OLDU
O, TƏZYİQLƏRƏ DÖZMƏDİ

Misir prezidenti Məhəmməd Mursinin noyabr ayının sonunda baş prokuror postuna gətirdiyi Talqat İbrahim dekabrın 17-də istefa verib. Baş prokurorun bu qərarı hakimlərin təkidi ilə verdiyi bildirilir. Ali Məhkəmə Şurası istefa ərizəsinə dekabrın 23-də baxacaq. Məlumatı “Frans-Press” yayıb.

Talqat İbrahim yeni qayda ilə təyin olunan ilk baş prokuror idi.

Məhəmməd Mursi noyabrın 22-də Konstitusiya Bəyannaməsinə dəyişiklik edib. Yenilik prezidentin səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutub. Məhkəmələr prezidentin imzaladığı sərəncamları və qanunları ləğv etmək hüququndan məhrum edilib, dövlət başçısı baş prokuroru birbaşa təyin etmək hüququ qazanıb. Bu qərar müxalifətin kəskin etirazına, paytaxt Qahirədə və başqa şəhərlərdə qanlı toqquşmalara gətirib.

Dekabrın 8-də Misir prezidenti Məhəmməd Mursi səlahiyyətlərini artıran 22 noyabr dekretini ləğv edib. Ancaq dekabrın 15-nə təyin olunmuş konstitusiya referendumu qüvvəsində qalıb. Dekabrın 15-də referendumun ilk mərhələsi keçirilib. Hakim “Müsəlman qardaşlar”ın açıqlamasına görə, seçicilərin yarıdan çoxu ilk mərhələdə yeni konstitusiyanın lehinə səs verib. İkinci mərhələ dekabrın 22-də keçiriləcək. Müxalifət yeni konstitusiya layihəsinin əleyhinə çıxır. Məhkəmə hakimiyyəti təmsilçilərinin böyük bir qismi də bu mövqedədir.

Geri qayıt