Əsas Səhifə > Cəmiyyət > OQTAY ƏSƏDOVUN QƏRİBƏ MƏNTİQİ

OQTAY ƏSƏDOVUN QƏRİBƏ MƏNTİQİ


15-11-2011, 14:07
OQTAY ƏSƏDOVUN QƏRİBƏ MƏNTİQİ

“RAFİQ ƏLİYEVDƏN DANIŞMAQLA ONU QƏHRƏMANA ÇEVİRİRİK”

Parlamentin noyabrın 15-də keçirilən iclasında professor Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasının avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri vəzifəsindən çıxarılmasına toxunan deputat Zahid Oruc deyib ki, hakimiyyət ziyalılara həmişə böyük diqqətlə yanaşır: “Rafiq Əliyevin özünə müəllim hesab etdiyi Lütfü Zadə həmişə böyük ziyalı və alim kimi qəbul olunub. Hakimiyyət ona həmişə yüksək münasibət sərgiləyib. Bəlkə də Azərbaycan Dövlət Neft Akademiyasının rəhbərliyi Rafiq Əliyevə qarşı münasibətdə bir qədər dözümlü ola bilərdi. Amma doğrudanmı Rafiq Əliyevi müdafiə edənlər onu bu qədər çox istəyirlər? Mən buna şübhə edirəm”.

“Media forum” saytının məlumatına görə, Zahid Orucun çıxışından sonra məsələyə parlament sədri Oqtay Əsədov münasibət bildirib: “Biz Rafiq Əliyev və digərləri haqda belə debatlar aparmaqla insanları üzə çıxarır, qəhrəmana çeviririk. Fikir bir dəfə deyildi. Həm lehinə, həm də əleyhinə olanlar fikirlərini söylədilər. Eyni fikirləri təkrarlamağa ehtiyac yoxdur”.

Rafiq Əliyev kafedra müdiri vəzifəsindən ötən həftənin sonunda çıxarılıb. Rəhbərlik onun işdən çıxarılmasını əmək müqaviləsində nəzərdə tutulmuş öhdəliklərə əməl etməməsi ilə əsaslandırır.

İnformatika və idarəetmə nəzəriyyəsi sahəsində nüfuzlu elmi məktəbin yaradıcısı olan Rafiq Əliyev dünyanın bir çox məşhur universitetinin (Corciya Dövlət Universiteti - ABŞ, Təbriz Universiteti - İran, Siegen Universiteti - Almaniya, Yaxın Doğu Universiteti - Şimali Kipr və s.) professorudur. 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. “Zadə irsi və süni intellekt” Assosiasiyasının prezidentidir. 1988-90-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri olub.


Geri qayıt