Əsas Səhifə > Şou-biznes > BU MÖVSÜMDƏ HANSI ÜSLUB DAHA ÇOX AKTUALDIR?

BU MÖVSÜMDƏ HANSI ÜSLUB DAHA ÇOX AKTUALDIR?


15-11-2011, 11:27
BU MÖVSÜMDƏ HANSI ÜSLUB DAHA ÇOX AKTUALDIR?

AZƏRBAYCANLI MODELYER YENİ MÖVSÜMÜN DƏBİNİ AÇIQLADI

Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyə Xələfova Milli.Az xəbər portalına verdiyi açıqlamasında bu mövsümün dəbindən xəbər verdi.

"Hər şeydən öncə, bir məsələyə diqqət yetirmənizi tövsiyyə edirəm. Qadınların əksəriyyətini özlərinin gözəl görünüb-görünmədikləri, müasir geyinmək problemləri narahat edir. Hazırkı dəb geyim üçün konkret nəyi isə təklif etmir, əksinə, sərbəst seçimə daha çox üstünlük verir. Bu seçimin əsası da rahatlığı təmin etməkdir. Bu elə bir mövsümdür ki, hər biriniz ən gözəl cizgilərinizi xüsusi olaraq nəzərə çarpdıra bilərsiniz.

Ümumiyyətlə, bugünkü modanın tələblərinə cavab olaraq, geyimdə komfort və effektli xarici görünüşə nail olmaq gərəkdir.

Bu mövsümdə həmişə praktik sayılan şalvarlar aktual olmaqla yanaşı, onlar dəblə geyinən xanımların qarderobunda mövsümün hiti hesab edilən müxtəlif biçimdə yubkalarla qonşuluq edəcək. Bu yubkalar dəbdəbəli uzunboğaz çəkmə və tuflilərlə ideal uzlaşma təşkil edir. Kosmopolit tərz modaya dar yubkanı dizə qədər uzunluqda, kostyumla həmahəng, köynək-bluzla birlikdə geyinməyi diktə edir.

Qeyd etdiyimiz kimi, şalvar yubka qədər müvəffəqiyyət qazana bilmir, amma modanın inkişafı ilə əlaqədar, müxtəlif faktura və rənglərə, dekorativ detallara, yəni mürəkkəb formalı kəmərlər və ya ciblərə, ensiz dəri kəmərlərə - zəncir və brelokla və ya onlarsız, bu əlavələrlə işlənilmiş tərzə tələbat arta bilər.

Yubkalar düz və bir qədər aşağıya doğru asimmetrik kəsiklər, plissirovka olunmuş detallar və qatlarla, yeni tip olmaqla diqqəti cəlb edəcək.

İşgüzar kostyum, ziyafət və axşam geyimlərinə gəldikdə, klassika və avanqardın həm də romantik üslubla bir qədər sintezi müşahidə olunur. Sözsüz ki, yeni tendensiyanın əsası olan klassika və romantikanın cizgilərdə və detallarda əks olunmasını da xüsusi qeyd etmək lazımdır. Əsas rolu dekorativ detallar, aksesuarlar, əl işləmələri və s. oynayır. Yəni dəbdəbəli haşiyə, incə görünüşlü, zövqlü tikmələr (əl ilə) hər bir modeli möcüzəyə çevirir. Bu ilin işgüzar kostyumları daha çox dekorativ detallara üstünlük verir, yəni haşiyə və şifon, müxtəlif əl işləmələri əlavələri də görünüşü bir qədər təmtəraqlı edir", - Fəxriyyə Xələfova dedi.

Modelyer həmçinin yeni mövsümün rənglərindən danışdı.

"Geyimdə ən çox məna kəsb edən rəng çalarlarıdır. Rəng seçimində təkcə ona üstünlük vermək lazım deyil ki, üz görünüşü gözəçarpan olsun, ansambllarda bu rəng həm də xarakter, yaş həddi ilə uyğunluq təşkil etməli, müasir olmalıdır. Daha yaxşı olardı ki, rəng uyğunluğu aşağıdakı tərtibdə: palto bütün paltar və kostyumlarla; yubka və bluzlar və s. ayaqqabılarla; əlcəklər çanta ilə bir-birinə uyğunlaşsın, daha yaxşı olar ki, onlar neytral tonlardan seçilsin. Yəni dəbli görünüşün bir hissəsi də aksesuarlardır. Bunlar əl çantaları, şərf və yaylıqlar, kəmər, ayaqqabı, şlyapa, zinət əşyaları və sairdir.

Mövsümün favorit rəngi qızılı rəngdir. Geyimlərdə ansamblların yüksək keyfiyyətli parçalardan - tvid və bukledən hazırlanması bir daha deməyə əsas verir ki, moda aləminə eleqantlıq qayıdışı var. Dünyanın bir çox aparıcı dizaynerləri şalvar-kostyumlara üstünlük verirlər", - deyə Fəxriyyə Xələfova vurğuladı.

F.Xələfova xanımların görünüşlərinin tamamlanması üçün düzgün seçilmiş makiyajın əsas amillərdən biri olmasını qeyd etdi.

"Bu mövsümdə dəbdə olan barokko stili rəngləri müəyyən edir. Barokko stilində makiyaj gündəlik işgüzar həyata müvafiqdir. Bu zaman göz qapağı üçün çəhrayı və açıq-qəhvəyi kölgələrdən istifadə etməniz məsləhətdir. Tünd-sürməyi rəngli kölgələr isə gözün xarici küncünə və göz qapağının qatına yüngülcə çəkilir.

Saç düzümünə gəldikdə, o, xüsusilə orijinal və ekstravaqant olmalıdır. Müxtəlif bəzək aksesuarları və sancaqlardan istifadə etməklə dəbdəbəli saç düzümləri yaratmaq olar. Burada əsas yerlərdən birini "qlamur" stili - 40-cı illərdə Hollivud kino ulduzlarının saç düzümləri tutur. Aşağıdakı variantlar ən məqsəduyğundur: uzun, düz saçlar təbii görünüşü ifadə edən ən aktual formadır; romantik buruqlar isə bugünkü dəbdə populyardır", - Fəxriyə Xələfova dedi.

Eyni zamanda Milli.Az xəbər portalı sizə Fəxriyyə xanımın Tbilisidə baş tutan dəb sərgisinin şəkillərini də təqdim edir.


Geri qayıt