Əsas Səhifə > Ölkə > BU GÜN SABİQ PREZİDENTLƏRİN MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ

BU GÜN SABİQ PREZİDENTLƏRİN MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ


15-11-2011, 11:09
BU GÜN SABİQ PREZİDENTLƏRİN MƏSƏLƏSİ MÜZAKİRƏ OLUNACAQ

DEPUTATLAR DAHA BİR NEÇƏ QANUNU DARTIŞACAQ

Milli Məclis bu gün növbəti iclasını keçirəcək. Məlumata görə, iclasda “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanununun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.

Bununla yanaşı, “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi də ikinci səsverməyə çıxarılacaq.

İclasda deputatlar “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” beynəlxalq sənədə də münasibət bildirəcəklər.

Bundan başqa, iclasda “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə”də, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, Mənzil, Ailə məcəllələrinə və s. qanunlara əlavələr və dəyişikliklər ediləcək.

Geri qayıt