Əsas Səhifə > Sosial, Manşet > ELŞAD ABDULLAYEVİN MƏXFİ MƏKTUBU

ELŞAD ABDULLAYEVİN MƏXFİ MƏKTUBU


12-12-2012, 12:17
ELŞAD ABDULLAYEVİN MƏXFİ MƏKTUBU
ABU-NUN KEÇMİŞ REKTORU İLƏ BAĞLI QALMAQAL YENİ MƏCRAYA YÖN ALIR

DİA.AZ: - Bir neçə müddət öncə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin Azərbaycana gəlmə məsələsi geniş şəkildə müzakirə olundu. Hətta sabiq rektor bununla bağlı ölkə prezidenti İlham Əliyevə müraciət edərək istintaqla təhlükəsizliyinin təmin olunacağı təqdirdə əməkdaşlıq edə biləcəyinə də vəd verdi. Və bu müraciətə rəsmi Bakı adından reaksiya verən baş prokuror Zakir Qaralov Elşad Abdullayevə qarantiya dursa da, əks cinahdan heç bir cavab gəlmədi. Bunun ardından isə Elşad Abdullayevin Bakıya gələcəyi haqda məlumatlar yayıldı, sonradan təkzib olundu.

Əslində bu məsələdə Elşad Abdullayevin hələ də ehtiyatlı davranmasının nədənləri aydındır. Yəni fakt faktlığında qalır ki, keçmiş rektor Bakıya gələrsə, ən azından ona qarşı çox sərt ittihamlar irəli sürülə bilər. Bunu elə Elşad Abdullayevə qarşı edilən çıxışlardan da aşkar surətdə görmək olar. Məsələn, bir neçə gün əvvəl ABU-nun sabiq rəhbərinə qarşı açıqlamalarını bir-birinin ardından düzən Prezident Administrasiyasının şefi Ramiz Mehdiyev hiss elətdirdi ki, əgər Elşad Abdullayev Bakıda olsaydı, o, artıq həbsxanada idi. Buna qədərsə, digər Mehdiyev yandaşlarının da açıqlamalarından bunu duymaq olardı. Yəni verilən qarantiya heç də yetərli deyil. Ən azından ona görə ki, Ramiz Mehdiyev rəsmən «dələduz» adlandırdığı bir şəxsi elə həmin ittihamla həbs etdirəcək qüdrətini qoruyub saxlamaqdadır.

Bununla bağlı DİA.AZ-a danışan hökumət içindəki bilgili qaynaq iddia edir ki, PA şefinin bu kimi hədələrini nəzərə alan Elşad Abdullayev bu günlərdə rəsmi Bakıya məxfi bir məktub da ünvanlayıb: «Həmin məktubun mətni gizlədilir. Elşad Abdullayev də məktubunun ictimailəşməsində maraqlı olmadığından mətbuata ötürməyib. Konkret dövləti vəzifə tutan şəxsə ünvanlanan həmin məktubda olduqca mühüm faktlar da yer alıb ki, bu səbəbdən məxfilik qorunur».

Mənbəmiz bildirdi ki, həmin məktubda Bakıya gəlmək niyyətinin qəti olduğunu bildirən Elşad Abdullayevə hələlik heç bir cavab verilməyib. Məktubun kimə ünvanlandığını və keçmiş ABU rektorunun kimdən kömək istədiyini isə təxmin etmək çətin deyil. Elə bu barədə Ramiz Mehdiyevin özünün də bilgili olduğu onun «Elşad Abdullayevdən alət kimi istifadə edirlər» açıqlamasından da hiss olunmaqdadır.

Geri qayıt