Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "SOVETSKİ"NİN SÖKÜLMƏ MƏSƏLƏSİ HƏLL OLUNUB

"SOVETSKİ"NİN SÖKÜLMƏ MƏSƏLƏSİ HƏLL OLUNUB


12-12-2012, 11:48
"SOVETSKİ"NİN SÖKÜLMƏ MƏSƏLƏSİ HƏLL OLUNUB
DİGƏR YERLƏR MÜZAKİRƏ OLUNUR

“Keçmiş “Sovetski”, indiki Nərimanov prospekti ətrafında, keçmiş “Kubinka” və “Papanin” küçələrində olan köhnə yaşayış evlərinin sökülməsi ilə bağlı məsələ müzakirə mövzusudur. “Sovetski”nin sökülməsi məsələsi artıq həll olunub”.

APA-nın xəbərinə görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə layihənin hazırlanması üçün işlər gedir. Layihə müvafiq dövlət qurumları tərəfindən də təsdiq olunandan sonra bu barədə açıqlama veriləcək.

A.Ələsgərov Heydər Əliyev Sarayının arxasından Azərbaycan Milli Dram Teatrının qarşısına qədər olan ərazidə parkın tikintisinə də münasibətini bildirib. O deyib ki, həmin ərazidə “Qış parkı” olmayacaq: “Buranı digər parklardan fərqləndirən cəhət yeraltı qarajının olmasıdır. 2013-cü ildə parkın inşasının yekunlaşacağı gözlənilir”.

Komitə sədri deyib ki, paytaxtın Vidadi küçəsində yerləşən yəhudi sinaqoqu da sökülməyəcək. O deyib ki, bu sinaqoq öz fəaliyyətini davam etdirəcək: “Hələlik ərazidə aparılan tikinti işlərinə həmin sinaqoq maneçilik yaratmır. Vidadi küçəsində olan yaşayış evlərinin sökülməsi və o ərazidə infrastruktur dəyişikləri ilə bağlı layihələndirmə işləri davam etdirilir”.

Geri qayıt