Əsas Səhifə > Ölkə > ORDUMUZA “KİTAYSKİ” TƏYYARƏ ALINIR
ORDUMUZA “KİTAYSKİ” TƏYYARƏ ALINIR15-11-2011, 10:58 |
İXRAC YALNIZ YAXIN BİR NEÇƏ İLDƏ REALLAŞA BİLƏR Azərbaycan Pakistan və Çinin birgə istehsalı olan “JF-17 Thunder” (“İldırım”) təyyarələrinə marağını ifadə edib və yaxın perspektivdə bu tip təyyarələrdən almaq niyyətində olduğunu açıqlayıb. Bu barədə APA-ya Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən “Dubai Airshow-2011” aviaşousunda təmsil olunan “Pakistan Aeronautical Complex – PAC” şirkətindən məlumat verilib. Aviaşou çərçivəsində Dubay şəhərinin əsas hava limanı üzərində «JF-17 Thunder» döyüş təyyarəsinin nümunəvi uçuşları olub. Uçuşları aviaşouda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də izləyiblər. Şirkət rəsmilərinin sözlərinə görə, Pakistan və Çin aviasiya komplekslərinin birgə istehsalı olan bu təyyarəyə artıq Azərbaycan və İran da daxil olmaqla, bir sıra bölgə ölkələrindən, həmçinin ərəb və Şimali Afrika dövlətlərindən böyük maraq var. Ötən il ilk dəfə olaraq «JF-17 Thunder» Farnborouqda keçirilən aviaşouda debüt etməklə, manevr qabiliyyətinə görə «Typhoon», «Mirage», «MiG» və «Su» tipli təyyarələrdən heç də geri qalmadığını sübuta yetirib. Bu təyyarələr eyni zamanda bu ilin yayında Türkiyənin İzmir şəhərində keçirilən aviaşouda akrobatik uçuşlar yerinə yetirib. İndiyədək Azərbaycanla bir neçə dəfə müzakirələrin aparıldığını deyən şirkət rəsmilərinin sözlərinə görə, müzakirələr hələlik alğı-satqı mərhələsində deyil. Hazırda şirkət Pakistan Hava Qüvvələrinin sifarişlərini yerinə yetirir, Azərbaycana ixrac yalnız yaxın bir neçə ildə reallaşa bilər. Artıq tərəflər sifarişin ilkin həcmini də müəyyənləşdiriblər. «JF-17 Thunder» təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin “MiG-29” təyyarələri ilə eyni, hətta bəzi üstün göstəricilərə malikdir. Təyyarənin yüksək manevr qabiliyyəti var. Bu təyyarələri inventarına daxil etməklə Azərbaycan HHQ döyüş qabiliyyətini daha da artırmış olacaq. Şirkət rəsmiləri deyib ki, Pakistan və Azərbaycan arasında yüksək səviyyədə əlaqələr mövcuddur. Rəsmi İslamabad Bakının mövqelərini və ərazi bütövlüyünü dəstəkləyir və ilk gündən Azərbaycana hərbi sahədə yardım göstərib. Bu münasibətlər nəzərə alınarsa, Azərbaycana döyüş təyyarələrinin satılmasında heç bir problem olmaz. Şirkət nümayəndələrinin sözlərinə görə, Pakistan-Çin əməkdaşlığı çərçivəsində gələn ildən «JF-17 Thunder» təyyarəsinin «Blok-2» versiyasının hazırlanmasına başlanacaq. Bu model ən yeni elektron müharibə sistemləri, əlavə silahlarla təchiz olunacaq. Bundan başqa, təyyarənin iki pilotlu modeli də hazırlanır. Qeyd edək ki, ekipajı 1 nəfərdən ibarət olan «JF-17 Thunder»in uzunluğu 14,97 metr, maksimal uçuş kütləsi 12474 kq, maksimal surəti 1909 km/saat, döyüş radiusu 1352 kilometr təşkil edir. Təyyarənin praktik tavanı 15240 m, maksimum 16700 m-dir. «JF-17 Thunder» təyyarələrinin silahlanmasına 1 ədəd ikilüləli 23 mm-lik «Tipe 23-2» topu, 4 ədəd «Hava-hava», 1 ədəd «Hava-səth» tipli idarə olunan raket, 1 ədəd idarə olunmayan raket, 4 ədəd Mk.82, 1 ədəd Mk.84 və ya GBU-10/GBU-12, Durandel, Mk.20 Rockeye tipli aviabombalar daxildir. Geri qayıt |