Əsas Səhifə > Partiya > YAP RLS MƏSƏLƏSİNƏ REAKSİYA VERDİ

YAP RLS MƏSƏLƏSİNƏ REAKSİYA VERDİ


11-12-2012, 12:34
YAP RLS MƏSƏLƏSİNƏ REAKSİYA VERDİ
"MÜNASİBƏTLƏR POZULMAYACAQ"

“Rusiyanın Qəbələ RLS-dən imtina etməsi bu ölkənin Azərbaycanla münasibətlərinə mənfi təsir göstərməyəcək”.


APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

O qeyd edib ki, Azərbaycan tərəfindən Qəbələ RLS-in icarəsinin davam etdirilməsi üçün müəyyən addımlar atılıb: “Azərbaycan tərəfi RLS-in icarə müddətinin və haqqının artırılmasını təklif edib. Rusiya sadəcə olaraq bu təklifi qəbul etməyib”.

Ə.Əhmədov hesab edir ki, iki ölkə arasında normal münasibətlər davam edir: “RLS-dən imtina məsələsi də dövlətlər arasında normal danışıqlar məcrasında qəbul olunmuş qərardır. Əgər qarşılıqlı razılaşma əsasında bu qərara gəlinibsə, o zaman bu, iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilməz”.

YAP rəsmisi deyib ki, Azərbaycan tam müstəqil bir dövlətdir, bütün parametrlərlə öz dövlət müstəqilliyini nümayiş etdirir və Qəbələ RLS-in fəaliyyətinin dayandırılması Rusiya ilə münasibətlərin gərginləşməsinə səbəb olmayacaq: “Bizim ölkələr arasında münasibətləri formalaşdıran və bu münasibətlərin indiki durumda olmasını şərtləndirən çoxlu səbəblər var. İqtisadi, humanitar, mədəni və başqa sahələrdə geniş əlaqələr mövcuddur və bütün bunların hamısı iki dövlət tərəfindən qarşılıqlı maraqlar əsasında münasibətlərin formalaşmasını şərtləndirir”. Azərbaycanın RLS-dən istifadə edib-etməməsinə gəlincə, Ə.Əhmədov deyib ki, ehtiyac olarsa, bu barədə müvafiq mütəxəssislər rəy verəcəklər.

Geri qayıt