Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEVİN GEDİŞİ ÖNCƏSİ TƏLATÜMLƏR

RAMİZ MEHDİYEVİN GEDİŞİ ÖNCƏSİ TƏLATÜMLƏR


11-12-2012, 10:30
RAMİZ MEHDİYEVİN GEDİŞİ ÖNCƏSİ TƏLATÜMLƏR
PA ŞEFİNİN MƏLUM AÇIQLAMASI ARTIQ BİR SIRA PROSESLƏRƏ TƏKAN VERDİ

DİA.AZ: - «Hakimiyyət içindəki silkələnmələr bundan sonra daha da şiddətli xarakter alacaq». Bu şok məlumatı redaksiyamıza hökumət içindəki etibarlı mənbələr verib. DİA.AZ-a daxil olan xəbərdə qeyd olunur ki, lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin açıqladığı gizli video çəkilişlə start düyməsi basılan proseslərdə təkcə cəzalananı keçmiş deputat Gülər Əhmədova olmayacaq:

«Əslində bunun belə olmayacağını əksəriyyət proqnozlaşdırırdı və hadisələrin bundan sonrakı axarı yeni cəzaların işə salınacağını söyləməyə əsas yaradır».

Mənbəmiz bildirir ki, əslində Gülər Əhmədovanın mandatının əlindən alınmasının ardından vəziyyət gərginləşən istiqamətdə getməli idi: «Amma Kremlin bu məsələdə olduqca sərt davranması bəzi planların ertələnməsinə və ehtiyatlı şəkildə icrası barədə qərarın verilməsinə nədən oldu. Lakin bu halda belə, cızılan plan üzrə hərəkətdən vaz keçilməyib və əsas hədəfə - Prezident Administrasiyasının rəhbəri RAmiz Mehdiyevə gələnə qədər nəzərdə tutulan bütün addımlar atılacaq».

Onu da xatırladaq ki, bir neçə gün əvvəl yenidən eyni mövzuda danışmaq məcburiyyətində qalan Ramiz Mehdiyev Elşad Abdullayevin onunla görüşünün olması məsələsinə reaksiya verməklə yanaşı, həm də bir cümləsi ilə də aləmi qarışdırma cəhdini ortaya qoydu. Söhbət PA şefinin «elə təəssürat yaradır ki, sanki biz sırf olaraq Müsavat Partiyasını dəstəkləyirik» ifadəsindən gedir.

Bununla bağlı DİA.AZ-a danışan mənbəmiz vurğulayır ki, əslində bu yolla Ramiz Mehdiyev onu hədəfə alan qüvvələri şantaj yolunu seçib: «Məlumdur ki, hakimiyyət uzun illərdir ona opponentlik edən müxalifət qüvvələri içində öz emissarlarını saxlayır. Həmin şəxslər davamlı olaraq iqtidarın əlinə oynamaqla, mənsubu olduqları düşərgəyə xəyanət etməkdədirlər. Bu yolla kimiləri pul qazanır, kimiləri də mövqelərini qorumaqdadır».

Mənbəmiz bildirir ki, bütün bu proseslər isə birbaşa olaraq Prezident Administrasiyası tərəfindən yönəldilir: «Maliyyə qaynaqları fərqli ola bilər. Amma ideya və idarəetmə mərkəzi məhz Prezident Administrasiyası olduğundan bu yöndəki bütün bilgilər də PA-da cəmləşib». Mənbəmizin sözlərinə görə, Ramiz Mehdiyev son açıqlaması ilə məhz əlindəki bu kimi faktları ictimailəşdirə biləcəyini də xəfif formada hiss etdirib: «Bunun adına şantaj deyilir. Diqqət yetirin, Ramiz Mehdiyevin məlum açılamasından sonra Müsavatın dışlandığı bir prosesə də başlanıldı. Deməli, vəziyyət hələ xeyli dərəcədə qəlizləşəcək və Ramiz Mehdiyevin izolə prosesi ölkədə bir neçə istiqamətin ciddi olaraq silkələnməsilə müşaiyət olunmaq zorundadır».

Geri qayıt