Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ANS-İN ƏMƏKDAŞLARINA QARŞI ZORAKILIQ PİSLƏNDİ

ANS-İN ƏMƏKDAŞLARINA QARŞI ZORAKILIQ PİSLƏNDİ


11-12-2012, 09:40
ANS-İN ƏMƏKDAŞLARINA QARŞI ZORAKILIQ PİSLƏNDİ
MİPAM ADINDAN BƏYANAT YAYILDI

DİA.AZ: - Məlum olduğu kimi, dünən ANS TV-nin əməkdaşlarına hücum olub. Bu dəfə belə bir “qəhramanlığa” imza atan Göyçay Rayon Mənzil Kommunal İstismar Sahəsinin rəisi Loğman Əliyev olub. O, televiziyanın bölgə müxbiri Gunel İsayeva və operator Rəşad Rəşidovu nalayiq sözlərlə təhqir edib, hətta onlardan kameranı alaraq özündə saxlayıb.

ANS-in bölgə müxbiri G. İsayevanın verdiyi məlumata görə, onlar redaksiya tərəfindən təsdiq olunmuş mövzunu işləyərkən məmur özbaşnalığı ilə qarşılaşıblar.

Bu olayla bağlı Mediada İctimai Problemləri Araşdırma Mərkəzi (MİPAM) tərəfindən bəyanat yayılıb. Bəyanat müəllifləri jurnalistlərə edilən basqını pisləməklə yanaşı, ANS-in müxbirlərini aşağılayan, onların peşə borclarını yerinə yetirməsini əngəlləyən Loğman Əliyevin cəzalandırılmasını da müvafiq dövlət qurumlarından tələb edirlər:

«Jurnalistika gerçəkdən də tədrici olaraq ən çətin peşəyə çevrilir. Bu günlərdə Naxçıvanda bir neçə jurnalistin zorakılığa məruz qalması və digər bu kimi faktlar araşdırılmamış, indi də ölkənin yeganə özəl kanalı olan ANS-in əməkdaşları basqıya məruz qalıblar. Ağrılı olanı odur ki, hətta bu gün xırda məmurlar belə, son günlərin atmosferinə ayaq uyduraraq jurnalistləri əzmə, onlara hücum etmə cəsarətini nümayiş etdirirlər. Təbii ki, bu da ortadakı cəzasızlığın acı təzahürü kimi qəbul olunmalıdır. Bu vaxta qədər jurnalistlərə qarşı törədilən heç bir cinayət faktının üstü açılmayıb. Son günlərin olayları - «Bizim Yol» qəzetinin əməkdaşının basqına məruz qalması, Naxçıvanda iki jurnalistin döyülməsi və Göyçayda ANS əməkdaşlarına qarşı edilən zorakılıq faktları da nə yazıq ki, həmin AÇILMAYAN CİNAYƏT İŞLƏRİ SİLSİLƏSİnin ən mübarək yerində qərar tutmuş olacaq»…

Geri qayıt