Əsas Səhifə > Güney Press, Araşdırma > NAXÇIVANIN ÖZƏL DİKTATURASI

NAXÇIVANIN ÖZƏL DİKTATURASI


11-12-2012, 09:17
NAXÇIVANIN ÖZƏL DİKTATURASI
NAXÇIVANA BAXANDA TÜRKMƏNİSTANA ŞÜKÜR EDİRSƏN

Naxçıvanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri bölgədə ifadə azadlığının ağır durumu ilə bağlı müraciət yaybılar.

Müraciətdə deyilir ki, Sədərək gömrük məntəqəsində kiçik sahibkar M.Qurbanovun hüquqlarının pozulması ilə bağlı şikayəti araşdırmaq üçün jurnalistlər İlqar Nəsibov və Elman Abbasov dekabrın 8-də hadisə yerinə gediblər. Jurnalistlər özlərini təqdim etsələr də, peşə fəaliyyətlərini icra etməyə imkan verilməyib. Hadisə yerinə məntəqənin rəis müavini Mirməhəmməd Seyidov və mülki geyimli 40-a yaxın adam gəlib. Bu adamlar məntəqə ərazisində olan sahibkar M.Qurbanovun işçiləri Nadir Məmmədovu və Toğrul Abbasovu döyərək, ciddi bədən xəsarətləri yetiriblər.

Olayı lentə almaq istəyən jurnalistlər də hücuma məruz qalıblar, hücum edən şəxslər jurnalistlərin əyləşdiyi “Toyota” markalı maşını əziblər, döymək üçün maşından çıxarmağa cəhd ediblər. Jurnalistlərin mobil telefonları, videokamera və diktofonları zor gücünə əllərindən alınıb. Bütün bu zorakılıqlara M.Seyidov özü başçılıq edib. Sahibkar M.Qurbanov jurnalistlərlə birgə maşınla hadisə yerini tərk etmək istədikdə məntəqədəki yük maşınları və minik avtomobillərilə mühasirəyə alınıblar, 3 saata qədər mühasirə vəziyyətində saxlanılıblar. Yalnız yerli hüquq müdafiəçilərinin, jurnalistlərin, ölkədəki xarici ölkə səfirliklərinin müdaxiləsindən sonra jurnalistlərə hadisə yerini tərk etmək imkanı verilib. Sahibkar M.Qurbanov, işçisi N.Məmmədov hadisə yerində saxlanılsa da, iki gün ərzində harada saxlanmaları haqqında məlumat almaq mümkün olmayıb.

Dekabrın 9-da hüquq müdafiəçiləri və jurnalistlər, Məlahət Nəsibova, E.Abbasov, İ.Nəsibov, Həkimeldostu Mehdiyev açıq şəkildə Naxçıvan DİN və MTN-i tərəfindən izləniliblər. İzlənmənin nəticəsi olaraq jurnalist H.Mehdiyev Naxçıvan yol polisi tərəfindən saxlanılıb, hansısa taksini əzməkdə ittiham edilib, idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb.

Naxçıvanda jurnalistlərə qarşı belə zorakılıqların, üzərlərinə qoçu dəstələri göndərilməsini ilk hadisə olmadığı vurğulanır. Bu tip cinayətlərin heç birinin araşdırılmadığı qeyd edilir. Naxçıvanda ifadə və insan azadlıqlarının ən kobud şəkildə pozulduğunu bəyan edirlər. Cəzasızlıq şəraitinin media mənsublarına qarşı yeni

cinayətlərə əsas verdiyi deyilir. Adı çəkilən jurnalistlərin həbs olunmaları istisna olunmur.

“Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzi” Naxçıvanda insan haqları və ifadə azadlığı sahəsində durumun ağır olmasına görə beynəlxalq və yerli hüquq müdafiə qurumlarını, diplomatik korpusların və KİV əməkdaşlarını Naxçıvana dəvət edirlər.

Müraciəti Məlahət Nəsibova (Demokratiya və QHT-nin İnkişaf Resurs Mərkəzinin rəhbəri), Həkimeldostu Mehdiyev (RATİ-nin əməkdaşı), Elman Abbasov (RATİ-nin əməkdaşı), İlqar Nəsibov (Demokratiya və QHT-nın İnkişaf Resurs Mərkəzinin əməkdaşı) imzalayıblar.

Geri qayıt