Əsas Səhifə > Gündəm, Manşet > MİSİR MƏRDANOV ÜÇÜN YENİ İL HESABLAMASI

MİSİR MƏRDANOV ÜÇÜN YENİ İL HESABLAMASI


11-12-2012, 09:05
MİSİR MƏRDANOV ÜÇÜN YENİ İL HESABLAMASI
TƏHSİL NAZİRİNİN BU YAZINI OXUMASINA MÜTLƏQ ŞƏKİLDƏ EHTİYAC VAR

DİA.AZ: - Bir neçə gün əvvəl Bakı Baş Təhsil İdarəsindən qardışan gələn yeni illə bağlı açıqlama verildi. Və aydın oldu ki, sən demə, təhsil nazirliyi də orta məktəblərdə yeni il səbəbindən direktor və müəllimlərin korrupsiya fürsəti kimi yararlanmasının əleyhinədir. Hətta BBTİ-nin sözçüsü müəllim və valideynlərə müraciət edərək bildirdi ki, elə edin ki, bayram üçün pul yığılsa belə, bunun söz-söhbətə çevrilməsinin də qarşısı alınsın.

Amma necə ola bilər? Çünki bu gün orta məktəblərdə bazar qiymətlərini valideynlər yox, direktor və müəllimlər diqtə edirlər. Belə olan təqdirdə də təbii ki, söz-söhbət də yaranacaq, narazılıq da. Elə redaksiyamıza müraciət edən Bakı sakini də eyni səbəbdən giley-güzar edir.

Övladı Bakının mərkəzi rayonlarından birində təhsil alan valideyn DİA.AZ-a yazır: «Hörmətli redaksiya. Mənim iki övladım eyni orta məktəbdə təhsil alır. Məktəbin Bakının mərkəzində yerləşməsinə baxmayaraq, bu məktəb əməlli-başlı «kolxoz bazarı»nı xatırladır. Deyirlər ki, rüşvətin qarşısı alınıb. Yalan söhbətdir. Aşkar surətdə pul yığılır və hətta istədikləri pulu aşkar surətdə tələb də edirlər.

Daha sonra valideyn yazır: «Qarşıdan yeni il bayramı gəlir. Biz valideynlər isə sevinmək əvəzinə daha da qanımız qaralır. Bayramlarda belə sevinmək imkanımız yoxdur. Təsəvvür edin, övladlarım təhsil alan məktəbdə 1000-ə yaxın şagird oxuyur və hər bir şagirddən məktəbin ümumi yeni il bayramı üçün ən azı 25 manatdan pul yığılır. Elə valideynlər var ki, imkanları yaxşıdır, hətta 100 manat verənlər də var. Amma mən ailəmi zar-zor dolandırıram. Və bayramı evimdə qeyd etməm üçün 50 manat ehtiyatım var. İndi həmin 50 manatı orta məktəbə verməliyəm ki, övladlarım da digər uşaqlar kimi bayramı qeyd edə bilsinlər, sevinsinlər».

Daha sonra valideyn apardığı hesablamasını da diqqətə çatdırır: «Özünüz fikirləşin, bu qədər pulu nə üçün uşaqlardan yığırlar. Hər şagirddən ən azı 25 manat yığılsa, bu 25 min manat deməkdir. Bayrama sərf edəcəkləri pulu da hesablayanda direktorun bu mərasimdən ciddi gəlirlə çıxacağı heç şübhəsizdir. Deyirlər ki, şagirdlərə hədiyyə veriləcək. Bu da olsun ən yaxşı halda 3 manatdan 3000 manat. Yerdə qalır 22 min manat. Konsert proqramı (maksimum 2000 manat - hər halda, Faiq Ağayevi oxutdurmayacaqlar 1 saata), Şaxta Baba və Qarqızın pulu (hərəsinə 1 saatlıq proqramm üçün maksimum 100 manat, bu da 200 manat edər). Bunları da çıxanda yerdə 17 min 800 manat qalır. Lap 800 manatı da dekorasiyalara çıxıram. Bu halda da 17 min manat qalır. Hələ mən hər bir şagirdin minimal tələb olunan pulu verəcəyi halı hesabladım. Yəni əslində 100 manat verən şagirdlər də var ki, bu da yeni il bayramı ilə bağlı orta məktəb direktorunun öz büdcəsinə ən azından 20 min manat pulu ötürməsi deməkdir».

«İndi biz Misir Mərdanovun müəllimlərinin tamahı səbəbindən evimizdə bayramı qeyd etməli deyilikmi» deyə şikayətlənən valideyn övladlarının oxuduğu orta məktəb barədə dəqiq məlumatları əgər yazdıqlarının Təhsil Nazirliyinin mübarək işçilərini maraqlandıracağı təqdirdə açıqlaya biləcəyini də söylədi: «Ad çəkməyə də qorxuram. Uşağımı sıxma-boğmaya salarlar. Elə qorxumdandır ki, tələb olunan 25 manatı, iki uşağa görə 50 manatı verirəm. Özümüz isə ailəmlə yeni ili süfrəsi boş qarşılamaq zorundayam. Buna bir çarə qılan tapılacaqmı?»

Geri qayıt