Əsas Səhifə > Siyasət, Manşet > RƏSUL QULİYEV İNDİ DƏ JURNALİSTİKA İLƏ MƏŞĞUL OLACAQ

RƏSUL QULİYEV İNDİ DƏ JURNALİSTİKA İLƏ MƏŞĞUL OLACAQ


8-12-2012, 11:54
RƏSUL QULİYEV İNDİ DƏ JURNALİSTİKA İLƏ MƏŞĞUL OLACAQ
KEÇMİŞ SPİKER XƏSİSLƏŞİB, YOXSA JURNALİSTİKAYA MARAQ ETMƏKDƏDİR

DİA.AZ: - Bir müddət əvvəl keçmiş spiker Rəsul Quliyevin nəzarəti altında olan portalın kollektivində dəyişiklik baş verdi. Söhbət «azpolitika.com»dan gedir. Belə ki, əvvəlki kollektivlə yollaşa bilməyən Açıq Cəmiyyət Partiyasının ABŞ-da mühacir həyatı yaşayan lideri Rəsul Quliyev özünə yeni kollektiv də formalaşdırdı. Və neçə müddət idi ki, portal fəaliyyətini normal axarda davam etdirirdi. Amma son günlər yenə də portalın fəaliyyətində axsamalar əmələ gəlib ki, bunun da səbəbsiz olmadığını öyrəndik.

DİA.AZ-a bu yönlə bağlı daxil olan informasiyalardan aydın olur ki, son dövrlər ümumiyyətlə, pul xərcləməyə həvəsli olmayan Rəsul Quliyev portalın ikinci kollektivi ilə də yollarını məhz pul mübahisəsi səbəbindən ayırıb. Bu barədə mənbəmizin söylədikləri:

«Rəsul Quliyevlə redaksiya kollektivi arasında pul mübahisəsi düşüb və kollektiv Rəsul Quliyevlə işləməkdən imtina edib».

Amma maraqlıdır ki, portala ara-sıra xəbərlər atılır. Bununla bağlı danışan mənbəmiz bildirir ki, həmin xəbərləri atan, yəni saytı yeniləyən bir kimsə yox, Rəsul Quliyevin özüdür: «Belə demək mümkündürsə, Rəsul Quliyev jurnalistika ilə məşğul olmağa başlayıb».

Xatırladaq ki, bir zamanlar Avropanın beşinci ən zəngin adamı kimi tanınan Rəsul Quliyev artıq siyasətə pul xərcləmə məsələsində ehtiyatlı mövqe seçib. Onu da qeyd edək ki, «azpolitika.com» portalı da Rəsul Quliyevi təbliğ edən yeganə mətbu orqan idi.

Geri qayıt