Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “MƏHƏRRƏM ƏLİYEVDƏN TƏHLÜKƏSİZLİYİMƏ TƏMİNAT İSTƏDİM”

“MƏHƏRRƏM ƏLİYEVDƏN TƏHLÜKƏSİZLİYİMƏ TƏMİNAT İSTƏDİM”


8-12-2012, 09:11
“MƏHƏRRƏM ƏLİYEVDƏN TƏHLÜKƏSİZLİYİMƏ TƏMİNAT İSTƏDİM”
“BƏHLUL MƏMMƏDOV NƏSƏ BİLİR”

Məlum olduğu kimi, hazırda 7 saylı Ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən əlbəyaxa döyüş növü üzrə üçqat dünya çempionu Bəhlul Muradov şok açıqlamalarla çıxış edib. Hakimiyyətin qoçularından biri olduğunu iddia edən Bəhlul Muradov bildirib ki, ona AXCP sədri Əli Kərimliyə qarşı sui-qəsd sifariş edilibmiş. Bundan əlavə keçmiş dünya çempionuna bir zamanlar “Bizim Yol” qəzetinə rəhbərlik edən Məhəmməd Ərsoyla bağlı da sifariş verildiyi məlum olur.

Qeyd edək ki, həmin zaman Türkiyədə olması Məhəmməd Ərsoyu xilas edib və Bəhllul Məmmədov etiraf edir ki, onlar səhvən “Bizim Yol” qəzetinin indiki baş redaktoru Bahəddin Həziyevi döyüblər. Bildirək ki, Bahəddin Həziyev həmin zaman ölü bilinərək Masazır gölünə atılıbmış. Yəni bu o demək idi ki, sifariş ölümünə verilibmiş.

Bununla bağlı açıqlama verən, hazırda DİA.AZ portalına rəhbərlik edən Məhəmməd Ərsoy bildirdi ki, onda hələ əvvəlcədən özünə qarşı sui-qəsdin olması barədə məlumatlar olub: “Mən o vaxt çox hədələnirdim. Hətta bir neçə dəfə üstümə maşın da sürmüşdülər. Amma Allah hər dəfə qoruyub məni”.

Məhəmməd Ərsoy bildirdi ki, Bəhlul Muradovu tanımır: “Amma ola bilsin ki, nə zamansa görmüşəm onu. Şünki həmin dönəmdə çox izlənirdim. Hətta Bakı şəhər Baş Polis İdarəsindən mənə xüsusi mühafizəçi də ayırmışdılar. O zamanlar BŞBPİ-yə Məhərrəm Əliyev rəhbərlik edirdi və mən Məhərrəm müəllimin adına rəsmən təhlükəsizliyimin təminatı üçün müraciət etdikdən sonra mənə “qorotdel”in Faiq adlı əməkdaşını qoruma kimi ayırdılar”.

Konkret kimlərin onu izlədiyinə gəlincə isə, bu barədə danışan portal rəhbəri bildirdi ki, həmin dönəmdə baş redaktoru olduğu «Bizim Yol» qəzetində bir çox məmurlar sərt formada tənqid olunurdu: «Dəfələrlə, təzyiq və təqiblərə məruz qalmışam həmin dönəmdə. Hətta bir gün, Vasif Talıbovun adamları bəlkə də 200-ə yaxın telefon nömrəsindən mənə həng edərək ölüm hədəsi yollamışdılar. Həmin telefon nömrələrinin böyük əksəriyyətini o zaman mətbuata paylaşmışdım. Və indi də internet vasitəsilə tapıb çıxarmaq olar. O zaman bu məsələdə o qədər qarışıq bir mühit var idi ki, hətta polisə şikayət edəndə də xeyri olmurdu. İndi vəziyyət xeyli dəyişib. Ən azından polis idarəsində özünü təhlükəsiz hiss edə bilərsən. Amma həmin hədə zəngləri ilə bağlı Səbayel polis idarəsinin o zamankı rəisi Xanlar müəllimə də şikayət etmişdim və onun yanında da məni ölümlə təhdid etdilər. Və hətta telefonu Xanlar müəllimə də verdim ki, danışsın. O da təhdidçilərlə danışdı və sonra mənə elə baxdı ki, çarəsiz olduğunu anladım».

Bəhlul Muradovun yazdıqlarının nə dərəcədə həqiqətə uyğun olub-olmadığına gəlincə isə bu barədə danışan Məhəmməd Ərsoy bildirdi ki, onun dediklərinə inanır: «Hər halda, kifayət qədər inandırıcıdır. Çünki həmin dönəmin hadisələri məhz qeyd olunan istiqamətdə inkişaf edib. Sadəcə burada kimin sifarişçi olması barədə qəti hökm verə bilmərəm. Əgər Bəhlul Məmmədov kiminsə adını çəkirsə, deməli, nəsə bilir».

Məhəmməd Ərsoy əlavə olaraq bildirdi ki, həmin dönəmi Azərbaycan mətbuatı üçün ən gərgin dövrlər də adlandırmaq olar: «Mən özəl şirkətdən özümə mühafizəçi tutmuşdum. Qəzetin satışından gələn pulu mühafizəçiyə verməli olurdum. Və bunun da əvəzində, özüm həm baş redaktor olurdum, həm də müxbir. Dəfələrlə olub ki, yaşadığım evə naməlum şəxslər hücum çəkib və mən polisə sığınmalı olmuşam. Hətta polis idarəsində gecələyən vaxtlarım da olub. İndi isə həmin dövrdə özünü qanunların üstündə hiss edən birisinin buyruqqulusu olmuş Bəhlul Məmmədov etiraf edir ki, hansı işləri görməli imiş. Hər halda, bu məsələyə hüquqi qiymət verilməlidir. Və mən bui şin araşdırılmasını dövlətimizdən xahiş və tələb edirəm». \ “Gündəm Xəbər” qəzeti \

Geri qayıt