Əsas Səhifə > Ölkə > “ƏLBƏTTƏ, ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞƏCƏM”

“ƏLBƏTTƏ, ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞƏCƏM”


14-11-2011, 14:02
“ƏLBƏTTƏ, ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞƏCƏM”

EYNULLA FƏTULLAYEV BAŞ REDAKTORA MÜSBƏT CAVAB VERDİ

Bakı İstintaq Təcridxanasında saxlanan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı vəkili Elçin Sadıqovdan ismarış yollayaraq “İnsan Haqları Uğrunda” İctimai Birliyin sədri Eynulla Fətullayevin ona baş çəkməsini xahiş edib.

Noyabrın 14-də “Media forum” saytına danışan Eynulla Fətullayev Əvəz Zeynallının görüş təklifini qəbul etdiyini bildirib: “Əlbəttə, Əvəz Zeynallı ilə görüşəcəm. Amma bu görüş ancaq noyabrın 25-dən sonra baş tuta bilər. Noyabrın 15-də Parisə yola düşəcəyəm. Azərbaycanda siyasi məhbuslar problemi Avropa Şurası Parlament Assambleyasının insan hüquqları və hüquq məsələləri komitəsinin iclasının gündəliyinə salınıb. Noyabrın 16-da Parisdə keçiriləcək iclasa ekspert qismində dəvət olunmuşam.

Parisdən sonra isə Nyu-Yorka gedəcəm. Jurnalistləri Müdafiə Komitəsi məni beynəlxalq mətbuat azadlığı mükafatı laureatlarının təltif olunması mərasiminə dəvət edib. Noyabrın 22-də keçiriləcək mərasimdə mən 2009-cu ildə layiq görüldüyüm mükafatı da almaq imkanı qazanacağam. Azərbaycana noyabrın 25-də qayıdacağam. Qayıdan kimi Penitensiar Xidmətin rəisinə məktubla müraciət edib Əvəz Zeynallı ilə görüş istəyəcəyəm”.

Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. O, Cinayət Məcəlləsinin 311.3.2, (təkrar rüşvət alma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə ittiham olunur. Nəsimi Rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.


Geri qayıt