Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI SAHİBKARI ÖLÜMLƏ TƏHDİD EDİR

İCRA BAŞÇISI SAHİBKARI ÖLÜMLƏ TƏHDİD EDİR


6-12-2012, 11:36
İCRA BAŞÇISI SAHİBKARI ÖLÜMLƏ TƏHDİD EDİR
65 MİN DOLLARINI MƏNİMSƏDİYİ BƏS DEYİLMİŞ

Zərdabın icra başçısı Lütfəli Babayev sahibkar Fəqan Nəsibovun aradan götürmək istəyir. Bu barədə Fəqan Nəsibovun özü məlumat verib. Sahibkarın sözlərinə görə, 65 min dollar pulunu mənimsəyən icra başçısı onun susmadığını görüb bu məsələni kriminal qaydalarla həll etməyə çalışır:
“Mən olan məlumatlara görə, Lütfəli Babayev mənə qarşı sui-qəsd planı hazırlayıb. Bu planın icrası krminal çevrələrə tapşırılıb. Hələ ki, mən dəqiq bilmirəm sui-qəsd planı necə olunacaq və bunu konkret kim icra edəcək. Lakin mənə qarşı sui-qəsd planının olduğu faktdır. Mən hələ bir müddət sizin qəzet vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət etmişdim ki, özümün və ailəmin həyatı təhlükədədir. Həmçinin bu barədə hüquq-mühafizə orqanlarına ayrıca müraciət də göndərmişdim. Artıq bu təhlükə reallaşma mərhələsindədir”.
Fəqan Nəsibov bildirib ki, Lütfəli Babayevi ifşa etdiyinə görə qəzəbə gəlib: “Lütfəli Babayev mənim 65 dollar pulumu mənimsəyib. Bu barədə dəfələrlə mətbuatda, o cümlədən ”Azadlıq" qəzetində dərc edilib. Eyni zamanda mən bu məsələ ilə bağlı prezidentə, baş prokurora, daxili işlər nazirinə və digər səlahiyyətli şəxslərə müraciətimdə ətraflı yazmışam. Lütfəli Babayev faktiki olaraq dələduzluq edib. Amma hansısa sehirli qüvvə icra başçısını qoruyur. Bu baxımdan ortada olan cinayət faktı araşdırılmamış qalıb. Lütfəli Babayev isə cəzasızlıqdan bir qədər də ruhlanıb və məni birdəfəlik susdurmaq qərarına gəlib".
Xatırladaq ki, Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən Fəqan Nəsibovu aldadaraq onun 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilib. Lütfəli Babayev isə trolleybus xətlərini satışa çıxarıb. Fəqan Nəsibov müştəri kimi icra başçısı ilə onun kabinetində görüşüb. Icra başçısı ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara satmağa razılıq verib. Lütfəli Babayev bildirib ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və Fəqan Nəsibov yalnız bundan sonra malı götürə bilər. Sahibkar etiraz etməyib. Daha sonra icra başçısı Fəqan Nəsibovdan beh istəyib. Sahibkar da Lütfəli Babayevə 30 min dollar beh verib. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə sahibkardan daha 35 min dollar pul qoparıb. Bir neçə ay keçməsinə baxmayaraq Fəqan Nəsibov Lütlfəli Babayevdən səs-soraq gəlmədiyini görüb, icra başçısının qəbuluna gedib. Lakin icra başçısı müxtəlif bəhanələrlə onu qəbul etməyib. Aldadıldığını başa düşən sahibkar artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etməsinə baxmayaraq hələ bir nəticə yoxdur.

Geri qayıt