Əsas Səhifə > Ölkə > KƏMALƏDDİN HEYDƏROVA MƏKTUB VAR

KƏMALƏDDİN HEYDƏROVA MƏKTUB VAR


5-12-2012, 13:50
KƏMALƏDDİN HEYDƏROVA MƏKTUB VAR
OQTAY GÜLALIYEV FHN ŞEFİNDƏN NƏ İSTƏYİR?

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev fövqəladə hallar naziri Kəmaləddin Heydərova məktub göndərib. O, “Turan”a deyib ki, “Kür” zəlzələ zonasındakı vəziyyətlə bağlı hesabat açıqlayandan sonra kütləvi informasiya vasitələrində monitorinqin nəticələrinə uyğun olmayan məlumatlar yayılıb: “Bəzi kütləvi informasiya vasitələrində Fövqəladə Hallar Nazirliyinə istinadla 682 evin tikilib istifadəyə verildiyi iddia olunur. Nazir Kəmaləddin Heydərova göndərdiyim məktubda 682 evin sahibinin adını açıqlamağı və evlərin ünvanını söyləməyi xahiş etmişəm.

Hökumətin zəlzələnin nəticələrini aradan qaldırmaq üçün ayırdığı 300 milyon manatdan Fövqəladə Hallar Nazirliyinin xərclədiyi 234,6 milyon manat haqqında da məlumat istəmişəm. Bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyi vəsaitin 72 faizinin istifadə olunduğunu bildirib. İşlərin isə cəmi 22 faizi həyata keçirilib. Bizi evsiz qalan insanların qışı harada keçirəcəyi, onlara kirayə ödəmək üçün vəsait ödənilib-ödənilmədiyi kimi suallar da maraqlandırır”.

Ötən ayın sonunda “Kür” “Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələ ilə bağlı görülən işlər, mövcud problemlər, qarşıda duran vəzifələr” adlı hesabat yayıb. Hesabatda 2012-ci ilin yazında Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən və görülməsi nəzərdə tutulan işlər, mövcud problemlər, ayrılan vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, zəlzələ bölgəsində çalışan şirkətlərin fəaliyyəti, zəlzələnin təsirinə məruz qalmış insanların qayğıları kimi məsələlər araşdırılıb.

Sənəddə qeyd olunur ki, milyonların sərf olunmasına baxmayaraq zəlzələ bölgəsində tikinti işləri çox ləng şəkildə həyata keçirilir.

Geri qayıt