Əsas Səhifə > Siyasət, Manşet > ARDNŞ ŞEFİNİN MÜAVİNİNƏ QARŞI ŞOK İTTİHAM

ARDNŞ ŞEFİNİN MÜAVİNİNƏ QARŞI ŞOK İTTİHAM


5-12-2012, 12:23
ARDNŞ ŞEFİNİN MÜAVİNİNƏ QARŞI ŞOK İTTİHAM
İTKİN DÜŞMÜŞ NEFTÇİNİN HƏYAT YOLDAŞI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

DİA.AZ: - Redaksiyamıza Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 2, ev 5 ünvanında yaşayan, 15 il əvvəl iş başında yoxa çıxan “Bulla-Dəniz” Neft və Qazçıxarma İdarəsinin operatoru Maarif Əliyevin həyat yoldaşı Şirin Bəhman qızı Əliyevanın dövlət başçısına ünvanlı müraciəti daxil olub. DİA.AZ-a daxil olan müraciətin mətnini olduğu kimi diqqətinizə çatdırırıq:

“Hörmətli cənab Prezident!

Sizə müraciət etməyimə səbəb ARDNŞ-nın iqtisadi məsələlər üzrə vise-prezidenti S.Qasımovun 10/ƏH-829 SQ, 24.09.2012-ci il tarixli rəsmi cavabıdır.

S.Qasımov tutduğu vəzifəsindən sui-istifadə edərək, Azərbaycan Respublikasının qanunlarını saymayaraq, hüquqlarımı pozur. Məndə belə bir təəssürat yaranır ki, bu şəxsin Azərbaycanın qanunvericiliyindən xəbəri yoxdur.

Belə ki, mərhum həyat yoldaşım, keçmiş “Bulla-Dəniz” NQÇİ-nin (indiki N. Nərimanov adına NQÇİ) 4-cü dərəcəli operatoru işləyən Əliyev Maarif Kərpəli oğlu “Neft və qazçıxarma sənayesində təhlükəsizlik qaydaları”nın 19.1.4-cü bəndini və “Azərbaycan neft sənayesində əməyin mühafizəsini idarə etməyin vahid sistemi”nin 4.29.1 və 4.29.4-cü bəndlərinin tələblərini pozan idarənin vəzifəli şəxsləri tərəfindən 9 aprel 1997-ci il tarixdə sahildən 35 km aralı 74 saylı DDÖ-nə tək göndərilmiş və onun ölüm təhlükəsi qarşısında qalmasına şərait yaradaraq həlak olmasfna səbəb olmuşlar. Həmin vəzifəli şəxslər öz qanunsuz əməllərini ört-bastır etmək və məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu faktı bədbəxt hadisə kimi aktlaşdıraraq (sonradan bildim ki, həyat yoldaşım cinayət hadisəsi nəticəsində həlak olub) məqsədlərinə nail ola bildilər.

Həyat yoldaşımın (gec də olsa) cinayət hadisəsi nəticəsində həlak olması və bu əməlin kim tərəfindən törədilməsi Bakı şəhər Prokurorluğunun 29 avqust 2006-cı il tarixli qərarı ilə müəyyən edilmişdir. Lakin cinayəti törətmiş vəzifəli şəxsi məsuliyyətə cəlb etmək müddəti keçdiyinə görə cinayət işinin başlanması barədə rədd qərarı qəbul edilmişdir.

Mənə, ailəmə vurduqları maddi və mənəvi ziyanla kifayətlənməyən bu vəzifəli şəxslər keçmişdən qalan ənənələrinə sadiq qalaraq yenidən məni aldatmaq və Azərbaycanın qanunları ilə qorunan hüquqlarımı həyata keçirməyə maneçilik törədirlər. Bunu edənlərdən biri də ARDNŞ-nın iqtisadi məsələlər üzrə vitse-prezidenti S.Qasımovdur. Mənim ARDNŞ-nın prezidenti R.Abdullayevə ünvanladığım ərizəyə S.Qasımov görün necə cavab verir: “...Ərizədə qaldırılan məsələ ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci “Ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” maddəsində nəzərdə tutulmuş zərərçəkən kateqoriyasına aid olmadığınızdan, ailə başçısının ölümü nəticəsində ömürlük müavinətin ödənilməsi hüququ sizə şamil edilmir”.

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm, mənim şikayət ərizəm nəzarətə götürülsün.

59 yaşım tamam olduğu üçün mənə ömürlük müavinat təyin edilsin, zərərin miqdarının hesablanması 1997-ci ildən indeksləşdirilsin”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt