Əsas Səhifə > Cəmiyyət > FHN “KÜR”ÜN QALDIRDIĞI PROBLEMLƏRİN HƏLLİNƏ BAŞLAYIB

FHN “KÜR”ÜN QALDIRDIĞI PROBLEMLƏRİN HƏLLİNƏ BAŞLAYIB


14-11-2011, 12:20
FHN “KÜR”ÜN QALDIRDIĞI PROBLEMLƏRİN HƏLLİNƏ BAŞLAYIB

YENİ SALINMIŞ TELİŞLİ QƏSƏBƏSİNDƏ EVLƏR TƏMİR EDİLİR

DİA.AZ: - Məlum oldğu kimi bir müddət öncə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri yerli sakinlərin iştirakı ilə Telişli kəndində salınmış yeni qəsəbədəki evlərə baxış keçiriblər. Baxış zamanı məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi ötən ilin sonlarında istifadəyə verilib) evlərin bir çoxunda problemlər yaşanır. Monitorinq zamanı bir çox evlərdə evə giriş pilləkənlərində, balkon və döşəmələrdə çatların əmələ gəlməsi, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Ən acınaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərın damından su damması qeydə alınıb, bəzi evlərin tavanına vurulan alçıbanlar qopub yerə tökülüb (!?). Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur. Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar ya köhnə kustar usulundan istifadə edib sobalar vasitəsi ilə evi qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir.

Qəsəbədə yaşayan yaşlı sakinlərin şikayəti isə ondan ibarətdir ki, pilləkənlərə (bəzi pilləkənlər 7 daş hündürlüyündədir) əl tutan (qoltuk, məhcər) qoyulmadığından evə düşüb qalxmağa çətinlik çəkirlər.

İmişli rayonunun Telişli kəndində salınmış yeni qəsəbədəki mövcud problemlər və onların həlli ilə bağlı “Kür” Qərargahı Fövqaladə Hallar Nazirliyinə müraciət etmiş və bu yaxınlarda Qərargah nümayəndələrinin FHN rəhbərliyi ilə keçirilən görüşdə məsələ müzakirəyə çıxarılmışdır. FHN nümayəndələri problemin araşdırılıb həll ediləcəyini bildirmişdi.

Fövqaladə Hallar Nazirliyi və İmişli RİH- nin yerli nümayəndələrinin iştirakı ilə İmişli rayonunun Kür daşqınları ilə bağlı yeni salınmış Telişli qəsəbəsində olaraq mövcud problemləri araşdırıblar və artıq FHN mütəxəssisləri problemlərin aradan qaldırılmasına başlayıblar. Bu barədə məlumatı Telişli qəsəbəsində yaşayan yerli sakinlər “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına bildiriblər.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Kür daşqınları ilə bağlı salınmış digər yeni qəsəbələrdə də mövcud vəziyyətlə bağlı monitorinqləri davam etdirmək niyyətindədir.


Geri qayıt