Əsas Səhifə > Siyasət, Manşet > QUBADA DAHA BİR ÜSYAN DALĞASI GÖZLƏNİLİR

QUBADA DAHA BİR ÜSYAN DALĞASI GÖZLƏNİLİR


5-12-2012, 11:37
QUBADA DAHA BİR ÜSYAN DALĞASI GÖZLƏNİLİR
YENİ İCRA BAŞÇISININ SAHİBKARLARA AYLIQ HAQQ QOYDUĞU SÖYLƏNİLİR

DİA.AZ: - Redaksiyamıza Quba rayonundan bir qrup sakin adından şikayət məktubu daxil olub. Narazı vətəndaşlar bildirirlər ki, bu ilin mart ayının 1-də keçmiş icra başçısı Rauf Həbibovu devirən olaylar baş verəndə qubalılar vəziyyətin normallaşacağına ümid etdilər, amma yanılıbmışlar.

DİA.AZ-a daxil olan məktub-müraciətdə deyilir: «Biz yanıldıq. Doğrudur, Rauf Həbibov konkret ifadələrlə qubalıları təhqir etmişdi. Amma məsələ tək bu deyildi ki, qubalılar həm də sosial problemlərdən narazılıq edirdilər. Onların ciddi problemləri var. Və hələ də həllini tapmayıb. Yeni icra başçısı ilə köhnənin fərqi ondadır ki, Mübariz Ağayev bizi təhqir etməyib. Amma əvvəlki talan siyasəti öz qüvvəsində qalır».

Məktub müəllifləri konkret şikayətlərini də yazırlar: «Mübariz Ağayevin adından sahibkarlardan pul toplanılır. Bazarda ayrıca olaraq «başçının pulu» «vergisi» də yaranıb. Hər bir sahibkar ayrıca olaraq başçıya aylıq pul ödəməlidir. Sahibkarın obyektinin miqyasına uyğun olaraq bu pul dəyişir. Hətta bir ay üçün 300 manat başçı pulu verən də var ki, bu da digər «vergi»lərlə birgə böyük pul edir».

Şikayətçilər bildirir ki, artıq bir qrupp sahibkar adından icra başçısına müraciət ediblər: «Əgər yeni başçımız səsimizi eşitməsə, o zaman yenidən aksiyalara başlayacağıq. Çünki dəfələrlə Bakıya yazmışıq xeyri olmayıb. Rauf Həbibovla bağlı məsələdə də Bakıdan səsimizi eşitmədilər. Sonradan vəziyyət gərginləşdi, reaksiya verdilər. İndi də problemi öz gücümüzə həll etmək istəyirik».

Geri qayıt