Əsas Səhifə > Hadisə > FƏRHAD ƏLİYEVİN QOHUMLARI UDUZDU

FƏRHAD ƏLİYEVİN QOHUMLARI UDUZDU


19-09-2011, 11:45
FƏRHAD ƏLİYEVİN QOHUMLARI UDUZDU

MƏHKƏMƏ ƏVVƏLKİ HÖKMÜ QÜVVƏDƏ SAXLADI

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin bibisi oğlu Rafəddin Əsgərov və onun qohumu Ramiz Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, prosesdə apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul olunub. Birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, R. Əsgərov 2010-cu ildə Ukraynanın Odessa şəhərində Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub. R. Əsgərov Cinayət Məcəlləsinin 179 (mənimsəmə və ya israf etmə), 206 (qaçaqmalçılıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə uzun müddət axtarışda olub.

R. Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib. R. Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. İttiham aktında göstərilib ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F. Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını gizli şəkildə Azərbaycana keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafəddin Əsgərov 11 il, sabiq nazirin digər qohumu Ramiz Əliyev isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.


Geri qayıt