Əsas Səhifə > Cəmiyyət > XAÇMAZDA MƏKTƏB BÖHRANI

XAÇMAZDA MƏKTƏB BÖHRANI


26-11-2012, 13:09
XAÇMAZDA MƏKTƏB BÖHRANI
VALİDEYNLƏR UŞAQLARINI MƏKTƏBƏ YOLLAMAQ İSTƏMİR

«Birinci mərtəbədəki sinif otaqlarında torpağın üstündən birbaşa döşəmə vurulub. Ona görə də döşəmələrdə çürümə gedib. Bu sinif otaqlarında dərs keçmək mümkün deyil».

Danışan Xaçmaz rayonu, Ə. H. Yəhyayev adına Çiləgir kənd orta məktəbinin direktoru Xəzər Yəhyayevdir. O, deyir ki, ölkənin şimal bölgəsindəki kənd məktəblərinin vəziyyəti ürəkaçan deyil. Direktoru olduğu məktəb də dağılıb, əldən gedir.

Direktor:

«Bu məktəb binası dövlət fondu maliyyəsi hesabına tikilib. 6 il əvvəl tikintisi başa çatmamış istifadəyə verilib. Qısa müddətdə binada böyük əngəllər ortaya çıxıb. O vaxt keyfiyyətsiz tikildiyinə görə binadakı su ötürücüləri, navalçalar artıq dağılıb. Yağış suları divarları yuyub aparır. Məktəbin tikintisi aparılarkən şimal bölgəsində nəmliyin çox olması nəzərə alınmayıb».

Divarları qopub-tökülmüş və palçıq içində olan səliqəsiz binada təhsil ocağı yerləşdiyini yalnız üstündəki lövhədən bilmək olar. Dəhlizlərdə və sinif otaqlarında əsl şimal soyuqluğu hiss olunur. Döşəmə bir neçə yerdən qopduğundan torpağın üstünü taxta parçaları ilə örtüblər. Xəzər Yəhyayev binada istilik sisteminin olmamasından da gileylənir:

«TƏSƏVVÜR EDİN, SOYUQ BİNA, İÇƏRİSİNDƏ KÖRPƏ UŞAQLAR»

«Bu barədə Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişəm. Məktublarıma cavab yazırlar ki, Nazirliyə investisiya daxil olan kimi gəlib məktəbdə qazanxana, istilik sistemi quraşdıracağıq. Bura şimal zonasıdır, çox soyuq olur. Təsəvvür edin ki, soyuq, daş bina, içərisində də körpə uşaqlar. Adi elektrik qızdırıcısı ilə bu boyda sinif otaqlarını qızdırmaq mümkün deyil. Qış boyu uşaqlar da, müəllimlər də xəstələnirlər».

​​Direktorun sözlərinə görə, artıq valideynlər onu məktəb binasında istilik olmayacağı təqdirdə uşaqlarını dərsə buraxmayacaqları ilə bağlı xəbərdar ediblər.

«SANKİ MƏKTƏBİ CİYƏR XƏSTƏLƏRİNİN SAYINI ARTIRMAQ ÜÇÜN TİKİBLƏR»

Nəvəsini məktəbə hazırlayan Bədəl Hüseynov da bu fikirdədir ki, əgər istilik sistemi quraşdırılmasa uşağı məktəbə vaxtından gec göndərəcək:

«Şəxsən mənim nəvəm hazırlığa getməlidir, ancaq onu buraxmıram. Uşağı məktəbə 7 yaşında göndərəcəm. Heç olmasa məktəbdəki soyuq şəraitə dözmək üçün bir az püxtələşsin. Sanki məktəbi ciyər xəstələrinin sayını artırmaq üçün tikiblər. Buna məktəb demək olmaz».

Xudat şəhər 3 saylı orta məktəb binasında da vəziyyət ürəkaçan deyil. Valideynlər deyir ki, quş damını xatırladan birmərtəbəli binanı məktəb korpusu adlandırmaq mümkün deyil. Onlar sinif otaqlarındakı şəraitsizlikdən, soyuqdan gileylənirlər. Valideyn Ramiq İsmayılov:

«Nəmişlikdir, uşaqların səhhətinə pis təsir göstərir. Bir qızım bu il bura 1-ci sinfə gəlir, o biri qızım əvvəldən burda oxuyur. Qışda məktəb çox soyuq olur».

İDARƏ RƏİSİ VƏD EDİR

​​Xaçmaz rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova deyir ki, Çiləgirdəki kənd orta məktəbini tikən şirkət işləri yarımçıq saxlayıb.

«O məktəbi tikən təşkilat indi yoxdur, tikintini axıra çatdırmadı. Rayon rəhbərliyi tikintini başa çatdırdı. Ancaq məktəb pis məktəb deyil, gözəl, yaraşıqlı məktəbdir. Sadəcə olaraq istilik sistemi olmadığına görə sözsüz ki, orda nəmişlik də olacaq, sıradan çıxan yerləri də olacaq. Binada əvvəldən elektrik, istilik sistemi nəzərdə tutulmuşdu. Ancaq işığın zəif olması, elektrik xətlərinin yüklənməsi nəticəsində binanın qızdırılmasını təmin etmək mümkün olmur».

İdarə rəisi deyir ki, qarşıdakı qışda kənd məktəblərinin istiliklə bağlı problemi olmayacaq:
«Odun üçün rayonun meşə idarəsinə vəsait köçürülüb».

«Rayon rəhbərliyi qışa hazırlıqla bağlı şura iclasında ciddi tapşırıqlar verib ki, bütün məktəblər istiliklə təmin olunsun. Dediyiniz məktəblər də odunla təmin olunub. Əvvəlki illərə nisbətən bu il o məktəblər istiliklə təmin olunacaq. Odun üçün rayonun meşə idarəsinə vəsait köçürülüb».

O ki qaldı Çiləgir və Xudat məktəblərinin bərbad vəziyyətdə olmasına, idarə rəisi həmin məktəblərə baxış keçiriləcəyini bildirir:

«Dövlət proqramı çərçivəsində Nazirlər Kabinetinin xətti ilə komissiya yaradılıb. Məktəblərə baxış keçirirlər, komissiya üzvlərinin iştirakı ilə aktlar tərtib olunur. Hansı məktəbdə təmir, bərpa işlərinə ehtiyac varsa, hamısı nəzərə alınacaq».

Geri qayıt