Əsas Səhifə > Güney Press, Araşdırma > SABİRABADIN BAŞÇISI NALA-MIXA VURUR

SABİRABADIN BAŞÇISI NALA-MIXA VURUR


26-11-2012, 09:11
SABİRABADIN BAŞÇISI NALA-MIXA VURUR
VƏ NƏTİCƏDƏ KİMİ KEF ÇƏKİR, KİMİ DƏ DƏRDƏ

Respublikamızın kənd təsərrüfatı rayonlarında əhalinin ən çox ehtiyac duyduğu sahələrdən biri də heyvandarlığa aid olan mütəxəssislərin olmasıdır. Almaniyadan od qiymətinə inək alırıq, amma bu inəklərin sözün hər iki mənasında dilini bilən olmur... Bəlli məsələdir ki, hazırkı mütəxəssislərimiz sovetlər dönəmindən qalanlardır. Bu mütəxəssislərin də sayı günün tələbləri səviyyəsinə cavab vermir. Nəzərə alsaq ki, rayonlarda baytarlıq idarələrində, həm də nəinki müasir, heç keçmişdən qalma ixtisaslaşdırılmış texnika da yoxdur, onda bu sahədə vəziyyətin nə qədər acınacaqlı olmasını izah etməyə ehtiyac qalmır. Düzdür, son illər Respublika Baytarlıq Xidməti bu sahədə hansısa irəliləyişlərə nail olmaq istəyir. Əfsuslar olsun hələ ki, müsbət bir nəticə nəzərə çarpmır.

Bu baxımdan baytarlıq sahəsində Sabirabad rayonunda ümumi vəziyyətə aydınlıq gətirmək üçün kiçik bir araşdırma apardıq. Nəticədə məlum oldu ki, rayonda istənilən qədər zootexnik və baytar veterenarlar var. Həm də bu mütəxəssislər ali təhsillidirlər. Belə olduğu halda bəs nə üçün heyvandarlıq sahəsində mütəxəssis çatışmamazlığı mövcuddur? Çalışacağıq ki, verdiyimiz bu suala özümüz aydınlıq gətirək.

"Nədənsə Nazim İsmayılov kənd ərazi icra nümayəndəliklərinə bu peşəyə uyğun kadrları deyil, məhz ali təhsilli baytar veterenarları təyin etmişdir"

Nazim İsmayılov Sabirabad rayonuna icra başçısı təyin edildikdən sonra "özünəməxsus" bəzi islahatlar və kadr dəyişiklikləri aparmışdır. Bəzi kənd ərazi icra nümayəndəliklərində ali təhsili olmayan icra nümayəndələri və onların müavinləri işdən azad edilmişdir. Təqdirəlayiq haldır. Sözsüz ki, boş qalmış iş yerlərinə yeni təyinatlar edilməli idi və təyin olunanlar da hökmən ali təhsilli olmalı idilər. Nədənsə Nazim İsmayılov kənd ərazi icra nümayəndəliklərinə bu peşəyə uyğun kadrları deyil, məhz ali təhsilli baytar veterenarları təyin etmişdir. Bunun da nəticəsində Sabirabad rayon Baytarlıq idarəsində mütəxəssis çatışmazlığı yaranmışdır. Rayonun kənd təsərrüfatı ilə məşğul olan sakinləri bu qeyri-adi təyinatların acı nəticəsini dadmaqdadır. Belə ki, xırdabuynuzlu heyvanlar və quşlar arasında tələfatın sayı günü-gündən artmaqdadır. Heyvanlarda baş verən bu xəstəliyin növünü müəyyən etmək çətindir. Çünki mütəxəssis yoxdur. Dediyimiz kimi, ali təhsilli baytarlar icra nümayəndələri kreslosunu işğal etmişlər. Hesab edirik ki, Respublika Baytarlıq Xidmətinin rəisi Siyalə xanım Rüstəmova bu xoşagəlməz məsələyə reaksiya göstərəcək.

"Rayon icra hakimiyyətinin Memarlıq və Tikinti Arxitektura şöbəsinin rəhbərliyi isə məsuliyyəti Nazim İsmayılovun üzərinə atır"

Sabirabad rayonunda problemlər bununla bitmir. Qəzetlərin birində bu günlərdə "Sabirabadda başçı təzə, hamam köhnə, tas köhnə" başlığı altında geniş tənqidi yazı getmişdi. Tənqidi yazıda göstərilirdi ki, rayonun kəndlərarası yolları bərbad vəziyyətdədir. Nəinki yeni yollar çəkilmir, hətta sovetlər dönəmindən qalmış yollar da sıradan çıxdığından kənd əhalisinin rayon mərkəzi ilə əlaqələri kəsilmişdir. Payız və qış aylarında vəziyyət dözülməz həddə çatır. Həmin tənqidi yazıdan sonra Nazim İsmayılov rayon ağsaqqallarını icra hakimiyyətinə yığaraq söz verdi ki, yol məsələsinə tezliklə son qoyulacaq və kənd yolları əsaslı təmir olunacaq. Ancaq onun verdiyi sözün üzərindən artıq iki ilə yaxın vaxt keçsə də nəinki əsaslı bir iş görülməmiş əksinə, yeni çəkilən yollar da keyfiyyətsizlik ucbatından dağılıb sıradan çıxmışdır. Son iki ayda rayon mərkəzindən Surra kəndinə çəkilən yol guya beynəlxalq standartlar səviyyəsində çəkilmişdir. Ancaq yol çəkildikdən 10 gün sonra dağılıb sıradan çıxmışdır. Cavabdeh şəxslər isə nəinki məsuliyyətə cəlb edilmir, heç onları itirib axtaran da yoxdur.

Rayon icra hakimiyyətinin Memarlıq və Tikinti Arxitektura şöbəsinin rəhbərliyi isə məsuliyyəti Nazim İsmayılovun üzərinə atır. Şöbədə olarkən və kənd sakinlərinin, sürücülərin şikayətini onlara çatdıranda bildirdilər ki, qəbul aktını imzalamağa bizi Nazim İsmayılov məcbur edir.

Oxucularımızın xatirindədirsə, Sabirabad rayonuna hazırda fəaliyyətdə olan deputat seçkiləri ərəfəsində deputat seçilmək istəyən Ceyhun Osmanlı rayon əhalisinə söz vermişdi ki, deputat seçilərsə rayonun mərkəzi küçələri əsaslı təmir olunacaq və yeni yollar çəkiləcək. Ceyhun Osmanlıya inanan qəlbi təmiz, sadə xalq onu deputat seçdi. Ancaq seçdiklərinə görə indi... Gənc deputat nəinki yeni yollar çəkmədi, hətta Sabirabad rayonunun yolunu da yadından çıxartdı. Bizə belə dedi Sabirabad sakinləri...

Azər Həsənov:

"Hər dəfə televiziya kanallarında rayon əhalisi onu hansısa xarici ölkələrin birində Qeyri Hökumət Təşkilatlarının banketlərində və yemək-içmək məclislərində görürlər. Belə olduğu halda Sabirabad Ceyhun Osmanlının nəyinə lazımdır? Nazim İsmayılov qohumu və həmyerlisi olan Ceyhun Osmanlını Milli Məclisdə və dövlət qurumlarında özünü müdafiə etdirmək üçün deputat seçilməsinə nail olmuşdur".

Rayonun daxili yolları, sanki Afrikanın ən kasıb ölkələrindən birinin kənd yollarını xatırladır. Küçələr zibil yığnağı və su gölməçələri ilə əhatə olunmuşdur. Mərkəzi bazarın yerləşdiyi əraziyə palçığın-zığın əlindən girə bilmək sözün əsl mənasında müxtəlif yoluxucu xəstəliklərə mübtəla olmaq deməkdir. Bazarın ərazisində çirkab sular və palçıq qarışıq zir-zibil dizə qədər yüksəlmişdir. Nəzərə alsaq ki, bu ərazidə həm də Vərəm Dispanseri və Dəri-Zöhrəvi xəstəlikləri xəstəxanası yerləşir, onda vay orada müalicə alan xəstələrin halına. Sözün əsl mənasında Sabirabad şəhərinin daxili yolları və rayonun kəndlərarası yolları vərəm xəstəliyinə tutulmuşdur.

Əhali ilə görüşlərimiz zamanı bizə bildirdilər ki, yollarımız və digər problemlərimiz haqqında rayon rəhbərliyinə hər dəfə müraciət etdiyimizdə icra başçısının birinci müavini Həsən Həsənov bizə kağız üzərində başa düşmədiyimiz bəzi "çertiyoj"lar göstərir və bizi başa salır ki, guya bu "çertiyoj"lar Sabirabad rayonunun yeni çəkiləcək kəndlərarası yollarının xəritəsidir. Tezliklə bu problemə son qoyulacağını bildirir.

Həsən Həsənovla görüşümüz zamanı ondan xahiş etdik ki, adı çəkilən xəritəni bizə də göstərsin. O da böyük məmnuniyyətlə masanın üzərinə bir neçə xəritə qoydu və qürurla bildirdi ki, yeni çəkiləcək yolların xəritəsidir. Həsən müəllimdən soruşanda ki, "bunlar təsdiq olunmamış planlardır", cavabında isə o bildirdi ki, "Nə olsun təsdiq olunmayıb. Haçansa təsdiq olunacaq da...".

Bəs görəsən rayonun icra başçısı Nazim İsmayılovun və onun birinci müavini Həsən Həsənovun xalqı aldatması kimə və nəyə gərəkdir? Bəli, unudulmaz şairimiz Qabil gözəl deyib: "Fəlakət oluruq biz, səhv düşəndə yerimiz"

Mirhüseyn Alarçaylı

Sabirabad

Geri qayıt