Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "TOPAZ" QUMAR MARAQLARINA XİDMƏT EDİR

"TOPAZ" QUMAR MARAQLARINA XİDMƏT EDİR


22-11-2012, 09:55
"TOPAZ" QUMAR MARAQLARINA XİDMƏT EDİR
FAN-KLUB RƏHBƏRİNDƏN SƏRT İFADƏLƏR

“Xan Lənkəran” Futbol Azarkeşləri Klubunun rəhbəri Hafiz Mirzənin Avrofutbol.com-a müsahibəsi

- Azərkeş klubunun rəhbəri kimi “Topaz”ın Premyer Liqaya sponsorluq etməsinə necə baxırsız?

- Çox gülünc və əcaib reallıqdır! Dünyada futbol oyunlarının alqı-satqısına qarşı mübarizə gedir, bizdə isə bu cür iyrənc olaylara səbəb olan futbol totalizatoruna bütövlüklə çempionatı həvalə edirlər. Pulu kim verirsə, şampanskini də o sifariş verir. "Topaz"-ın Premyer Liqaya sponsorluğu hökmən onun maraqlarına xidmət edəcək, Azərbaycan futbolunun deyil.

- Qumar şirkətinin çempionata sponsorluq etməsinə azərkeşlər necə münasibət bəsləyirlər?
-Təbii ki, mən təkcə özümün deyil, həm də rəhbərlik etdiyim "Xan Lənkəran" Futbol Azarkeşləri Klubunun üzvlərinin mövqeyini ifadə edirəm. Bizim üzvlərimiz fanat yox, əsil futbol biliciləridir. Onlar sevimli komandaya görə hissiyata qapılaraq fikir müəyyənləşdirmirlər, reallığa və həqiqət bildiklərinə istinad edirlər. "Xəzər Lənkəran"ın bir çox oyunları var ki, həmin oyunların nəticəsindən "Topaz"-ın qoxusu gəlir.

- Bir qədər əvvəl rəhbəri olduğunuz azarkeş klubu futbolda korrupsiya hallarına qarşı mübarizə məqsədi ilə tədbir keçirtdi. Bu tədbirin davamı kimi hansı addımları atmağı planlaşdırırsız? Futbolumuzda korrupsiya hansı sahələrdə daha çox nəzərə çarpır?

-Azərbaycan futbolu büsbütün korupsiyanın tən ortasındadır! Bu zibilə bulaşmayan klub ya bir olar, ya iki. Futbolçu transferi zamanı şişirdilmiş rəqəmlər çox söz deyir. "Sumqayıt" kimi zəif rəqibin əlində aciz alan "Xəzər Lənkəran" çox keçmir ki, "Neftçi"yə toy tutmuş "Rəvan"ı darmadağın edir. Həm də baş məşqçisi olmadan. Bu boyda təsadüf olarmı? Biz bu kimi faktları toplayırıq. Münasib bildiyimiz vaxt ölkə prezidentinə müraciət edəcəyik və faktların araşdırılmasını xahiş edəcəyik. UEFA və ya FİFA-ya da müraciətimiz ola bilər.
- “Xəzər Lənkəran” cari mövsümdə qarşıya qoyduğu hədəflərə yetişə biləcəkmi? Yeni baş məşqçidən nə gözləyirsiz?

- "Xəzər Lənkəran" baş məşqçi olmadan keçirtdiyi oyunda çox güclü rəqibin qapısından 4 cavabsız top keçirtdi. Bu isə o deməkdir ki, bu klubda baş məşqçi mühüm önəm daşımırmış! Məsləhət bildikləri zaman udurlar, lazım olmayanda uduzurlar. Yeni baş məşqçi Bakes sadəlövh insana oxşayır. O Azərbaycan reallığından xəbərsiz görünür. Lap Maorinyonu da gətirsələr, ona öz bildiyini etməyə imkan verməyəcəklər. Cüneyt Biçərin və ya Yunus Hüseynovun nəyi pis idi ki? Sadəcə, onlar özlərinə hörmət edib üzüsulu getdilər. Klub rəhbərliyi imkan versə Bakes mükafata layiq yerlərdən birini qazanacaq, verməsələr ki, heç...

-İndiki AFFA rəhbərliyinin “Xəzər Lənkəran”a qarşı aqressiv olduğu bildirilir. Azərkeş olaraq bunun fərqindəsizmi?

-AFFA rəhbərliyinin təkcə “Xəzər Lənkəran”a qarşı yox, bütövlükdə Azərbaycan futboluna münasibətini mən və klubumuz səmimi qəbul etmir. Üstəlik, bizim azarkeşlər bir az qabardırlar. “Xəzər Lənkəran” qalib gələndə özü qalib gəlir, uduzanda isə guya ki, onu AFFA uduzdurur!.. Guya ki, AFFA-dakılar da bizim fanatlar kimi, “Xəzər Lənkəran”ın fanatı olmalı, yalnız onun mənafeyinə xidmət etməlidir. Bu cür yanaşma gülüncdür! AFFA hamıya qarşı obyektiv olmalıdır. Təəssüf ki, bu hiss olunmur.

-Azərbaycanda çempionat oyunlarında stadiona azarkeşlər az gəlir. Xüsusi ilə “Xəzər Lənkəran”ın misalında ildən-ilə stadiona gələn azarkeşlərin sayı azalır. Sizcə futbolda nə dəyişməlidir ki, azərkeşlər kütləvi şəkildə stadiona gəlib, komandalarını dəstəkləsin?

- Məncə Azərbaycanda futbola birinci növbədə idman olaraq yanaşmalı, ədaləti və obyektivliyi qorumaq lazımdır. Bu olarsa, təkcə fanatlar deyil, azarkeşlər və sadə həvəskarlar da bütün oyunlara həvəslə gələr. Amma indi əksəriyyət özünü aldadılmış mövqedə görür və buna etiraz olaraq stadionlara gəlmək istəmir. Darıxmayın, tələ sahibi gələcək və çoxlarının halı çox fəna olacaq, gec-tez gələcək!

Geri qayıt