Əsas Səhifə > Güney Press, Üçüncü sektor > İCRA BAŞÇISI NARAZILARI HƏBS ETDİRİR

İCRA BAŞÇISI NARAZILARI HƏBS ETDİRİR


21-11-2012, 09:12
İCRA BAŞÇISI NARAZILARI HƏBS ETDİRİR
RAMİZ CƏBRAYILOVA QARŞI SƏRT İTTİHAMLAR

"2008-ci ilin dekabr ayından isə Ramiz Cəbrayılov Laçına icra başçısı təyin olunduqdan sonra bizim konstitusiya ilə təsbit olunmuş bütün hüquq və azadlıqlarımız işğala məruz qalıb. Əgər mənfur ermənilər 1992-ci ildə rayonumuzu işğal etdisə, Ramiz Cəbrayılov da başçı təyin olunduğu gündən rayonu mafiya qanunları ilə idarə etməyə başlamaqla, qəlbimizdə işğalın fəsadlarını daha da dərinləşdirdi".

Bu sözlər Laçın köçkünləri adından Cəfərov Füzuli Məhəmməd oğlu və Həsənov Aslan Əhliman oğlu tərəfindən Müstəqil İnformasiya Agentliyinə (Mia.az) daxil olan məktubda yazılıb.

Müəlliflər agentlik vasitəsi ilə ölkə prezidenti İlham Əliyevə və bütün aidiyyatı dövlət qurumlarının rəhbərlərinə müraciət edərək, bildirirlər ki, öz ”fəaliyəti”ni korrupsiya və rüşvətxorluğun “çiçəklənməsi”nə həsr etmiş R.Cəbrayılov bununla da rayon sakinlərinin haqlı narazılıqları ilə üzləşsə də, hakim dairələr onun haqqında heç bir tədbir görmək istəmir: «Təsəvvür edin ki, rayonda baş alıb gedən yerlibazlıqdan, qohumbazlıqdan narazı qalmış rayon sakinlərinin kütləvi yuxarı orqanlara yazdıqları şikayət ərizələri nədənsə baxılıb tədbir görülməsi üçün R.Cəbrayılova göndərilir. Nəticədə yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakinləri bu qəddar və amansız icra başçısının müxtəlif formalı təzyiq və işgəncələrinə məruz qalırlar. Məsələn, R.Cəbrayılovdan yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etmiş rayon sakini Mirzəyev Almurad Novruz oğlu İcra Hakimiyyətində döyülüb təhqir olunaraq işgəncələrə məruz qaldı. Hətta bu dəhşətli olay İran İslam Respublikasının “Səhər” telekanalında yayımlansa da, R.Cəbrayılova «gözün üstə qaşın var», - deyən tapılmadı.

Bundan başqa, Laçın rayon ƏSMM-nın sabiq baş mühasibi Mötəbər Səmədov R.Cəbrayılovun yaxın qohumu və kəndçisi A.Abbasovun qanunsuz əməllərinə etiraz etdiyi üçün Laçın RİH-də rayon polis şöbəsinin rəisi M.Kərimov tərəfindən döyülərək təhqir olundu və R.Cəbrayılovun sifarişi ilə tutduğu vəzifədən azad olundu. M.Səmədovun yuxarı orqanlara yazdığı şikayət ərizələrinə baxılmaması, onu rayon icra hakimiyyətinin binasının qarşısında özünü yandırmaqla intihara cəhd etməyə məcbur etdi. Bu qanlı olay KİV-lərdə yayımlansa da, aidiyyatı orqanlar bu qanlı olay da susmaqla cavab verdi.

Eyni zamanda, Rayon Təhsil Şöbəsinin sabiq metodisti Müqabil Baxişov R.Cəbrayılovu KİV-lərdə ifşa etdiyi üçün təzyiqlərə məruz qaldı. 04 iyun 2012-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirən M.Baxışov yaxın günlərdə şərlənərək həbs olunacağını və aidiyyatı orqanlardan bəri başdan icra başçısını deşifrə etməklə bərabər, ona köməklik etməsini xahiş etsə də, heç bir dövlət orqanı onun səsini eşitmədi. Nəticədə 14 gün sonra şərlənərək həbs olundu. R.Cəbrayılov M.Baxışovu 5 ay həbsxanada saxlatdırdıqdan sonra onu şərti cəza ilə azadlığa buraxdırıb. R.Cəbrayılovun şərtinə görə, M.Baxışov camaat arasına çıxarsa, onu yenidən həbs edəcəklər. Hətta aldığımız məlumata görə, rayon sakinlərinin kütləvi yuxarı orqanlara müraciət etməsindən əsəbləşən R.Cəbrayılov bir yaxın adamıyla 18 noyabr 2012-ci il tarixdə Müqabil müəllimə yeni hədə də göndərib. Məlumata görə, Müqabil müəllim rayon sakinlərinin gözü qarşısında R.Cəbrayılovdan üzr istəməsə, bank müdirinə apellyasiya şikayəti verdirib, onu həbs etdirəcək. M.Baxışovun bu təklifi qəbul edib-etməyəcəyini bilmirik. Müqabil müəllimin susdurulmasında R.Cəbrayılova köməklik edən Ağcabədi RİH-nın başçısı Şahin Məmmədovla yanaşı, bəzi yüksək post tutmuş dövlət məmurlarının adı da hallanır».

Şikayətçilər onu da məktublarına əlavə ediblər ki, R.Cəbrayılovun qanunsuz əməllərindən yuxarı orqanlara şikayət ərizələri ilə müraciət etdiyinə görə, icra başçısının sifarişi ilə rayon baytarlıq idarəsinin müdiri Ə.Nadirov A.Həsənovu şərlətdirdi və barəsində cinayət işi açıldı. Hazırda onun barəsində açılmış cinayət işinə Laçın rayon məhkəməsində baxılır: «M.Baxışovun başına gətirilənləri gördükdə başa düşürük ki, bizimdə həyatımız təhlükədədir. Bu səbəbdən, cənab Prezidentimiz İ.Əliyevə müraciət edirik. Cənab Prezident, yuxarı dairələrdə R.Cəbrayılova himayədarlıq edən bəzi məmurların ondan şikayətçi olan rayon sakinlərini müxtəlif yollarla şərlətdirərək həbs etdirməsi və hüquq - mühafizə orqanlarının bu qanunsuzluqlara yardımçı olması bizi çox təəssüfləndirir. Taleyimizin ən dəhşətli və qorxunc günlərini yaşayırıq. Xahiş edirik, vaxt ayırıb bizi qəbul edəsiniz.

Bizi qəbul etsəniz, göstərdiklərimizi təsdiq edəcək maddi sübutları da təqdim edəcəyik. Əks halda, bizim taleyimizə də biganə yanaşılsa, M. Baxışov kimi yaxın günlərdə bizdə şərlənərək həbs olunacağıq…».

Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt