Əsas Səhifə > Ölkə, Manşet > RAMİZ MEHDİYEVİN FHN ŞEFİNİ BİTİRMƏ PLANI

RAMİZ MEHDİYEVİN FHN ŞEFİNİ BİTİRMƏ PLANI


20-11-2012, 14:13
RAMİZ MEHDİYEVİN FHN ŞEFİNİ BİTİRMƏ PLANI
KƏMALƏDDİN HEYDƏROVA QARŞI HÜCUMLARIN ŞOK SƏBƏBİ

DİA.AZ: - Bu gün özünün gizli çəkilişləri ilə az qala Hollivudun məşhur rejissorlarını belə kölgədə qoyan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin açıqladığı sənədlərin birində maraqlı bir nüans var idi ki, böyük əksəriyyətin diqqətini cəlb etdi. Söhbət Elşad Abdullayevlə söhbətində fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atası, millət vəkili Fəttah Heydərovun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı sərt ifadələr işlətməsindən və hətta bu gün mətbuatda daha çox oğlunun «vurulmasının» başlıca nədəni kimi də PA şefini maraqlı tərəf kimi ittiham etməsindən gedir.

Əslində bütün bunlar əvvəlindən yerli mətbuatda yazılan məqamlar olsa da, rəsmi dillərin dolayı etiraflarında olduqca cazibədar olduğundan kifayət qədər əhəmiyyət qazanmış oldu. Yəni dünənə qədər də müxalif və müstəqil mətbuat hakimiyyət daxilində bir-birilərini çəkə bilməyən iç qruplaşmaların olması, həmçinin bu qruplaşmaların bir-birilərinə qarşı aqressiv münasibət sərgiləmələri, hətta bir-birilərinin əleyhinə açıq kampaniya aparmaları barədə məlumatları yaymaqda idi.

DİA.AZ-a bu məqamla bağlı daxil olan son xəbərlərdən isə aydın olur ki, Ramiz Mehdiyevin başında dayandığı qruplaşma son günlər həm bir yandan gündəmin dəyişdirilməsi məqsədilə, həm də hədəf olmadan yayına bilməsi üçün Kəmaləddin Heydərova qarşı çox güclü kampaniyaya start veriblər ki, bunun zaman-zaman daha da şiddətli xarakter alacağı gözlənilir:

Mənbəmiz bildirir ki, əslində fövqəladə hallar nazirinin son zamanlar müxalifət mövqeyində dayanmış, ABŞ-da siyasi mühacir həyatı yaşyan, keçmiş spiker Rəsul Quliyevə bağlanması cəhdləri də əslində Ramiz Mehdiyevin maraq dairəsində olan bir hadisədir. Mənbəmizin iddialarına görə, Kəmaləddin Heydərov kimi hakim elitada ciddi mövqeyə və imkana malik olan birisinin Rəsul Quliyevə heç bir zaman ehtiyacı olmayıb və bundan sonra da belə bir ehtiyac yarana bilməz:

«Əksinə, Kəmaləddin Heydərov bu gün köhnə eşalondan yeni prezident komandasına transfer olunma fürsəti əldə etmiş tək-tük isimlərdən biridir. Eyni zamanda Kəmaləddin Heydərovun kifayət qədər praqmatik dəst-xəttə sədaqətli olması səbəbindən onun hansısa absurd perspektiv naminə çoxdan kitabı bağlanmış Rəsul Quliyevlə hətta eyni havanı udması belə imkansızdır».

Mənbəmizin sözlərinə görə, belə bir zərurətin olmadığı şəraitdə Rəsul Quliyevlə adı qoşa çəkilən Kəmaləddin Heydərovu «vurduran» Ramiz Mehdiyev fraksiyası məhz Elşad Abdullayevlə bağlı məsələdə aldığı yaralarını sağalda bilməsi, həm də ittiham hədəfi olmadan yayına bilməsi üçün Kəmaləddin Heydərovun timsalında «daxili xain» obrazının canlandırılmasına çalışır:

«Aşkar surətdə bu xətt hiss olunur. Ramiz Mehdiyev üçün bu gün çətin anlardır. Ona görə də Kəmaləddin Heydərovun üzərinə daha da şiddətli formada gedilir və şiddət günü-gündən artacaq. Doğrudur, bu gün Ramiz Mehdiyevi «xilasetmə kampaniyası» işini Kreml cani-dildən həyata keçirməkdədir və hətta ğu məqsədlə oliqarxlardan belə istifadə olunur. Amma bu məsələnin görünməyən və kifayət qədər pərdəli şəkildə oynanılan tərəfi olduğundan PA şefinə açıq müstəvidə də özünü təmizə çıxara bilməsi vacibdən də vacibdir».

Mənbəmizə görə, Ramiz Mehdiyev hətta özünə yaxın olan mətbuatla yanaşı, müxtəlif dolayı vasitələrlə Kəmaləddin Heydərovu hədəfə gətirməyə çalışır: «Bu gün Kəmaləddin Heydərov mətbuatda səslənən ən xırda ittihamlara belə reaksiya verdiyini gizlətmir. Zaqataladakı vəziyyətdən mətbuat yazır və ertəsi gün FHN şefi helikopterinə minib zəlzələ bölgəsinə gedir. Və eləcə də digər həssas məqamlara FHN şefi tərəfindən xüsusi diqqət göstərilir ki, bu da əslində Kəmaləddin Heydərovun rəqiblərinin yollarını bağlama cəhdləri kimi qəbul olunmalıdır».

«Əslində bu döyüşün hansı tərəfin qələbəsi ilə bitəcəyini təxmin etmək o qədər də çətin deyil» deyən mənbəmiz sonda onu da əlavə etdi ki, Kəmaləddin Heydərov sonuncu gülən tərəf olacaq: «FHN şefindən fərqli olaraq bu gün ən zəif bəndə çevrilən Ramiz Mehdiyevin qurtuluşu imkansızdır. Çünki o, iz azdırmağa çalışırsa, bütün arsenal ona qarşı yönəldiyindən məğlubiyyət qaçılmazdır. Sadəcə olaraq onun özü ilə yanaşı, kimlərisə bərabər aparma cəhdləri də hiss olunur ki, buna da soyuq və təmkinli reaksiya yetərlidir. Ki, boz kardinalın ənənəvi tryukları baş tutmasın».

Geri qayıt