Əsas Səhifə > Partiya > SƏRDAR CƏLALOĞLUNA MÜSAVATDAN AĞIR SÖZLƏR

SƏRDAR CƏLALOĞLUNA MÜSAVATDAN AĞIR SÖZLƏR


20-11-2012, 10:59
SƏRDAR CƏLALOĞLUNA MÜSAVATDAN AĞIR SÖZLƏR
O, SİYAVUŞ NOVRUZOVUN ADAMIDIR

“Soğan yeməmisənsə, için niyə göynəyir ki?”

Müsavat başqanının müavini Gülağa Aslanlı ADP sədri Sərdar Cəlaloğlunun Müsavat Partiyasının Azərbaycanda Ermənistanın maraqlarına xidmət etməsi ilə bağlı səsləndirdiyi ağır ittihamlara cavab verib. Partiya rəsmisi Modern.az-a açıqlamasında S.Cəlaloğlunun dedikərini şər-böhtan adlandıraraq, onu Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzova işləməkdə günahlandırıb. G.Aslanlının sözlərinə görə, Sərdar Cəlaloğlu Siyavuş Novruzov kimi eyni qüvvələr tərəfindən idarə olunur.

“Sərdar Cəlaloğlu vaxtılə hakimiyyətin süpürgəçisi ilə də danışıqlara getməyə hazır idi”

“Sərdar Cəlaloğlu son zamanlar özünün mövcudluğunu Müsavat Partiyası və İctimai Palataya qarşı yönəlik tənqidi və şər-böhtan xarakterli çıxışları ilə hiss elətdirmək istəyir. Artıq Siyavuş Novruzovla Sərdar Cəlaloğlu arasında fərq getdikcə itməkdədir. Hər ikisi eyni qüvvələrə xidmət edirlər. Onların çıxışları eyni rəhbərlikdən idarə olunan çıxışlardır. Onlar Müsavat Partiyasına şər atmaqla məşğul olurlar. Müsavat Partiyası hər zaman Azərbaycanın mənafeyinə uyğun olan və düzgün bildiyi addımlar atır. Partiyamızın hakimiyyətlə hər hansı işbirliyi və hakimiyyətdən maliyyə almasına dair heç kimin əlində fakt ola bilməz. Sadəcə, Sərdar Cəlaloğlu vaxtılə hakimiyyətin süpürgəçisi ilə də danışıqlara getməyə hazır olduğunu bildirmişdi. Hakimiyyət onu qəbul eləmədi. İndi bu yola əl atıb ki, hakimiyyətə yaxınlaşsın”, - deyə G.Aslanlı bildirib.

“Sərdar Cəlaloğlu artıq müəyyənləşdirməlidir ki, müxalifətin yanındadır, yoxsa Siyavuş Novruzovun”

Müsavat funksioneri deyib ki, başqan İsa Qəmbər mətbuata verdiyi müsahibədə Sərdar Cəlaloğlunun və onun rəhbərlik etdiyi partiyanın adını çəkməyib. G.Aslanlının fikrincə, ADP sədrinin İsa Qəmbərin çıxışına belə sərt reaksiya verməsi onun iç üzünü ortaya qoyur:

“İsa Qəmbər özünün müsahibəsində Sərdar Cəlaloğlunun və yaxud da ADP-nin adını çəkməyib. Amma belə görünür ki, İsa Qəmbər hədəfə düz vurub. Sərdar Cəlaloğlu əgər soğan yeməyibsə, niyə göynəyir? Hamı Müsavat Partiyasını da, İsa Qəmbəri də yaxşı tanıyır. Sərdar Cəlaloğlunun bu fikirləri onun özünə qarşı yönələcək. Sərdar Cəlaloğlu artıq müəyyənləşdirməlidir ki, müxalifətin yanındadır, yoxsa Siyavuş Novruzovun”.

Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsində bildirib ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müxalifət partiyaları xaricdən maliyyələşir, bəziləri isə yerli hakimiyyət tərəfindən nəzarətdə saxlanılır. İsa Qəmbərin bu çıxışına etiraz edən ADP sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında Müsavat partiyasının da hakimiyyət tərəfindən maliyyələşdirildiyi haqda məlumata malik olduğunu qeyd edib. Həmçinin S.Cəlaloğlu Müsavat Partiyasını Ermənistanın maraqlarına xidmət etməkdə də günahlandırıb.

Geri qayıt