Əsas Səhifə > Güney Press, Üçüncü sektor > KƏMALƏDDİN HEYDƏROV CƏZALANDIRILSIN

KƏMALƏDDİN HEYDƏROV CƏZALANDIRILSIN


20-11-2012, 10:04
KƏMALƏDDİN HEYDƏROV CƏZALANDIRILSIN
FHN ŞEFİNDƏN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU

Daşqınlardan əziyyət çəkən bir qrup sakin Fövqəladə Hallar Nazirliyi ilə bağlı prezidentə müraciət edib.

DİA.AZ-a daxil olan məlumata görə, müraciətdə FHN-in təbii fəlakətlərin yaratdığı problemlərin həlli üçün lazımı addımlar atmadığı qeyd olunur. Müraciətdə bildirilir ki, 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarının təsirinə məruz qalmış, problemləri bu günə qədər həll olunmayan Sabirabad, Saatlı, İmişli, Salyan sakinləri imza toplanması kampaniyasına başlayıblar. Oxşar problemi yaşayan İmişli rayonundan olan bir qrup Qarabağ müharibə veteranı, şahid ailələri, imkansız şəxslər dövlət başçısı İlham Əliyevə ünvanladıqları rəsmi müraciətin surətini “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına göndəriblər. Dövlət qayğısından kənarda qaldırlarını, üzləşdikləri ayrı-seçkilik və korrupsiya ucbatından problemləri həll olunmadıqlarını bildirən sakinlər dövlət başçısından kömək istəyirlər. Müraciətdə deyilir; “Hörmətli cənab prezident! Biz öz zəhməti ilə dolanan sadə insanlarıq. Sizin sadə insanların problemləri ilə bağlı atdığınız addımları həmişə dəstəkləmişik. Siz bu yaxınlarda İmişliyə gəlmişdiniz, biz sizinlə görüşüb dərdimizi sizə çatdırmaq istədik, amma həmişəki kimi ətrafınıza çəpər çəkmiş məmurlar ordusu bizi sizə yaxınlaşmağa imkan vermədilər. Məcbur olub dərdimizi sizə məktubla göndəririk...

Biz 2010-cu ilin yazında baş vermiş Kür-Araz daşqınlarının, güclü leysan yağışları və qrunt sularının təsirinə məruz qalmışıq. Evlərimiz yaşayış üçün yararsız, bərbad hala düşüb. Ötən müddət ərzində məhz Sizin təşəbbüsünüz və göstərişinizlə bu istiqamətdə dövlət büdcəsindən xeyli vəsait ayrılmış və müəyyən işlər görülmüşdür. Təəssüf ki, bizlər sizin və dövlətin bu qayğısından kənarda qalmış insanlarıq. Belə ki, 2010-cu il Kür-Araz daşqınları ilə bağlı İmişli rayonunda zərərçəkənlərə kompensasiyaların verilməsi və evlərin tikilməsində ayrı-seçkiliyə, eləcə də korrupsiya hallarına yol verilmişdir. Fövqəladə Hallar Nazirliyi və İmişli RİH- in o zamankı rəhbərliyi bizim haqlı tələblərimizi qulaqardına vurdu. 30 aydır ki, müraciət etmədiyimiz dövlət qrumları qalmayıb. Bir ildən isə coxdur ki, məhkəmə yollarında “get-gəl”- lərdəyik. Bizim sözümüzü eşidən, səsimizə hay verən yoxdur, yalnız "Kür" Vətəndaş Cəmiyyəti Qərərgahından başqa. Yalnız bu qurum bizimlə maraqlanır, səsimizə səs verir.

Halbuki, siz bu istiqamətdə vəsaitlərin ayrılması və işlərin görülməsi üçün vaxtaşırı olaraq müəyyən addımlar atmısınız. Sonuncu dəfə 29 mart 2012-ci ildə Kür-Araz daşqınlarının törətdiyi problemlərin həlli istiqamətində işlərin davam etdirilməsi üçün 50 milyon manat pul vəsaiti ayırdınız. Biz sizdən soruşmaq istəyirik: bu ayrılan 50 milyon manatın sonrakı taleyi necə oldu? Bu vəsaitlər hara xərcləndi?

Hörmətli cənab prezident!
Xahiş edirik sizə ünvanladığımız bu müraciətdə qeyd etdiyimiz problemlərin ciddi araşdırılıb, ölçü götürülməsi üçün lazımı və müafiq addımlar atasınız. Bizə kömək edəsiniz. Taleyimizi laqeyd, səhlənkar, korrupsioner məmurların ixtiyarına buraxmayın!”

Geri qayıt