Əsas Səhifə > Gündəm, Manşet > OQTAY ŞİRƏLİYEVİN İŞÇİLƏRİNDƏN DƏHŞƏTLİ AYIB

OQTAY ŞİRƏLİYEVİN İŞÇİLƏRİNDƏN DƏHŞƏTLİ AYIB


20-11-2012, 09:09
OQTAY ŞİRƏLİYEVİN İŞÇİLƏRİNDƏN DƏHŞƏTLİ AYIB
ƏLİL AİLƏSİNİN PULUNU “YEYƏN” HƏKİMİN ZƏRRƏ QƏDƏR VİCDANI VARMI?

DİA.AZ: - Cəlilabad rayonunun Kövüzbulaq kəndinin sakini 52 yaşlı Nəcəfov Mirzəli Sarıbala oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir ki, Mirzəli Nəzəfov Əfqanıstan döyüşçüsü və 2-ci qrup əlildir. Bu şəxsin 9 övladı var. Onlardan 2-si anadangəlmə əlildir və cüzi miqdarda pensiya alırlar. Uşaqlardan 4-ü isə məktəblidir.

Qeyd edək ki, Kövüzbulaq kəndi Cəlilabadın rayon mərkəzindən 15-20 kilometr aralıda yerləşir. Bu ucqar kənddə normal iş yeri, dolanışıq məkanı tapmaq çətin və şox müşkül məsələdir. Mirzəli Nəcəfov deyir ki, bu qədər övladı saxlamaq olduqca çətindir: “2 əlil uşaq, 4 məktəbli. Əlillərin dərman pulunu çatdırmıram, məktəblilərin də kitab-dəftər pulunu. Bütün bunlar azmış kimi bu yaxınlarda dözülməz vəziyyətdən həyat yoldaşım ağır xəstəliyə tutuldu və 1 ay öncə dünyasını dəyişdi.

Onun ölümü mənə ikiqat zərbə oldu. Həm 25 illik ömür-gün yoldaşımı itirdim, 9 balam anasız qaldı, həm də onun xəstəliyi dövründə həkimlərin səriştəsizliyindən və acgözlüyündən, necə deyərlər, soğan qabığı kimi soyuldum. Kasıb, imkansız ailə ola, soyğunçu xəstəxanalar ola. Cəlilabadda özəl və hökumət xəstəxanaları, Masallıda vərəm dispanseri, Boradigah və rayon mərkəzi xəstəxananın, Lənkəranın onkoloji xəstəxanasının həkimləri... daha güman gələn müraciət etmədiyim ünvan qalmadı. Əksəriyyəti bir-birinə əks diaqnozlar qoydu. Hər həkimin yanından da “soyulub” çıxırdım.

Nəhayət, Bakıya üz tutdum. Bakıdakı Milli Onkologiya Mərkəzində yoldaşımı müalicə etdirməyə başladım. Rəzilə Qazıyeva adlı həkim yoldaşımın müalicəsini öz üzərinə götürdü və məndən 2 min manat pul istədi. Kəndə gəlib mal-qaramı, qoyunlarımı sataraq həmin pulu düzəltdim, gətirib onun stolunun üstünə qoydum. Söz verdi ki, həyat yoldaşımı xilas edəcək. Lakin pulu mənimsəsə də, həyat yoldaşımı sağalda bilmədi və o, 46 yaşında 9 balasını yetim qoyub dünyasını dəyişdi.

Həmin həkimin səriştəsizliyindən, pulumu mənimsəməsindən hara şikayət etsəm də, dərdimə əlac edən yoxdur.

Mənim səhiyyə nazirindən bir xahişim var. Həmin həkimi bir əməkdaşı ilə bizim kəndə, bizim evə göndərsin və onlar öz gəzləri ilə acınacaqlı vəziyyətimin şahidi olub özlərinə sual versinlər: – 9 uşağı ac-yalavac vəziyyətdə yetim qoyub analarını məhv etdikləri insanın haqqını hansı vicdanla yeyib, təmtaraq içində yaşamaq, 30-40 min manatlıq PRADO-da gəzmək olar? Bəlkə də 2 min manat onlar üçün pul deyil, bir gəzintisinin xərcidir, lakin mənim kimilər üçün bu, ölüm, ya qalım məsələsidir.

Hazırda özümə qəsd etməkdən başqa əlacım yoxdur. Bundan öncə isə bu dediklərim qəzetdə çıxarsa, onları aparıb həmin xəstəxanada yayacağam ki, qoy hamı bilsin, bizim ailəni R. Qaziyeva məhv etdi, mənim intiharıma o, şərait yaratdı”.


Geri qayıt