Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AZƏRBAYCANDAN QAÇAQ DÜŞMÜŞ İŞ ADAMI YENİDƏN QAYIDIR

AZƏRBAYCANDAN QAÇAQ DÜŞMÜŞ İŞ ADAMI YENİDƏN QAYIDIR


20-11-2012, 08:58
AZƏRBAYCANDAN QAÇAQ DÜŞMÜŞ İŞ ADAMI YENİDƏN QAYIDIR
ONU ABIYEVLƏR QAÇAQ SALIB

2005 - 2007-ci illərdə haylı-küylü xeyriyyəçilik əməlləri ilə az qala bütün ölkəni şoka salan Gülağa Tənha yenidən qayıdır. Həm də sözün müstəqim və həqiqi mənasında kəndinə qayıdır.
Məlumat üçün bildirək ki, Gülağa (Tənha) Qənbərov 1959-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsinin Miyondi məhəlləsində anadan olub. Orta təhsilinin ilk illərini Ərkivan qəsəbəsindəki Həsənəküçə məktəbində, son illərini isə şəhər 2 saylı orta məktəbində alıb. Ali təhsil diplomuna isə Moskva şəhərində yiyələnib. Moskva İnşaat Mühəndisləri institutunu bitirib. Hazırda iqtisadiyyat üzrə fəlsəfə doktoru, bir neçə elmi monoqrafiyanın müəllifidir.
Əsas fəaliyyəti kommersiya olub. Moskvada və İspaniyada böyük biznesi olduğu bildirilir. Maliyyə mənbələri tam şəffaf olmasa da, kifayət qədər sərvətli adamlardan hesab olunur.
Gülağa Tənha həm də şairdir. Bir neçə şeir kitabının müəllifidir. Şeirlərinə onlarla mahnı bəstələnib və ən məşhur müğənnilər tərəfindən ifa edilib.
Gülağa Tənha 2003-cü ildən başlayaraq geniş miqyaslı xeyriyyə işlərinə başlayıb: Ərkivan qəsəbəsində Şəhidlər abidəsi, qəbiristanlıqda abadlıq işləri, gənc alimlərin mükafatlandırılması, Şamaxı rayonunda Mirzə Ələkbər Sabirin abidəsinin əsaslı təmiri, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində saysız-hesabsız xeyriyyə işləri. Masallı rayonunda onun ən böyük xeyriyyəçilik işi Təzəkənd kəndində çox modern formada inşa etdiyi orta məktəb binasıdır. Ən maraqlısı isə odur ki, məktəbin açılışı zamanı ona lazımi diqqət göstərilmədi. Daha sonra məktəbə gedən Masallı RİH başçısının 1-ci müavini Nadir Abıyevin məktəbdə Gülağa Tənhanın şəkli vurulmuş lövhəni qopardıb kənara tullamasıdır. Həmin vaxt biz yazmışdıq ki, Gülağa Tənha bu vəsaiti pis gündə olan Ərkivandakı məktəblərin birinə sərf etsə idi, dünyanın bütün Abıyevləri yığışsa belə, onun şəklini oradan götürə bilməzdi. Gülağa Tənha olmuşlardan deyəsən, indi nəticə çıxardır. Belə ki, hazırda o, Ərkivandakı Həsənəküçə məktəbi üçün yeni bina tikmək və qəsəbə Mədəniyyət Evini təmir etdirmək istəyir. Bundan əlavə o, şəhər mərkəzində 240 yerlik uşaq bağçasının tikintisinə başlamaq fikrindədir.
Bəzi məqamları da xatırlamaq yerinə düşərdi.
Gülağa Tənhanın ən böyük xeyriyyəçilik işi Bakıda əlillər üçün 600 min dollardan artıq dəyəri olan sanatoriya inşa etməsi olsa da, onun fərəhini yaşaya bilmədi. Açılışa bir gün qalmış
"“Gülağa Qənbərov” Xeyriyyə Fondu” yazılmış lövhə məktəbin həyətindən götürüldü. Açılış təxirə salındı.
Hər şey də elə bu ərəfədə başladı. O vaxt Gülağa Tənhanın anadan olduğu Ərkivan qəsəbəsindən millət vəkili seçilən Əhəd Abıyev bütün əlaqələrindən istifadə edərək Gülağa Tənhaya qarşı, necə deyərlər, səlib yürüşünə başladı. Mərkəzi qəzetlərdə Gülağa Tənhanın əleyhinə palaz-palaz tənqidi, onu gözdən salan yazılar çap etdirdi. Ona yaxın olanlar hədəfə alındı. Bu prosesləri işıqlandırdığımız “Uduzan Masallıdır” yazısından sonra qəzetimiz də ofisindən qovuldu, az qala bir il abıyevlərlə məhkəmələrdə çəkişməli olduq.
İş o həddə çatdı ki, Baş prokurorluq Gülağa Tənha ilə bağlı araşdırmalar aparmağa başladı. Hətta bəzi məlumatlara görə onu Bakı Hava Limanında polislər nümayişkaranə şəkildə uçuşdan kənarlaşdırıblar. Masallının rütbəcə general, lakin ən qorxaq icra başçıları sırasında yer alan Oqtay Əliyev Abıyevlərin qorxusunda onun Masallıya gəlib xeyriyyəçilik işləri görməsinə imkan vermədi.
Lakin bütün bunlar Gülağa Tənhanı dayandıra bilmədi. 9 ildən sonra o, ilk dəfə Masallıda icra başçısı ilə yanaşı dayandı. Ən maraqlısı isə həmin sırada, ondan bir neçə addım aralıda dayanan, vaxtı ilə Gülağa Tənhanın şəklini cırıb kənara atan 1-ci müavin Nadir Abiyev də vardı.
Yeni icra başçısının bu “mehriban düşmənlərlə” eyni dairədə fəaliyyəti olduqca maraqla izlənir.
Gülağa Tənhanın onlarla, yüzlərlə yaxşı işinə kölgə salmadan, həqiqət naminə deməliyik ki, səhvləri də yox deyil.
O, Şəhidlər abidəsinin açılışına onlarla musiqiçi gətirdi. Lakin o vaxtkı icra başçısı Azər Səfərov bu tədbirə nə səbəbdənsə mane oldu. Bundan əsəbiləşən Gülağa Tənha yüzlərlə insanın qarşısında bildirdi ki, mən ona, yəni icra başçısına 10 min manat versəydim, burada ayaqqabılarımı ...
Bir sıra məsələlərdə tələsik, yerli adət-ənənələri nəzərə almadan addımlar atması Gülağa Tənhanın böyük işlərinə kölgə salırdı.
Onu da qeyd etməliyik ki, nə qədər sərvəti olsa da, Gülağa Tənha bəzən körpə uşaq kimi gövrək, bəzən lazım olduğundan da artıq sadədir.
İnanırıq ki, o, doğma yurda gəlişi ilə daha böyük xeyriyyəçilik işlərinə imza atacaq, əməlləri ilə yüzlərlə, minlərlə insana fərəh gətirəcək.
\ cənub xəbərləri \
Geri qayıt