Əsas Səhifə > Siyasət, Manşet > AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ DB-NİN HƏDƏFİNDƏ

AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ DB-NİN HƏDƏFİNDƏ


15-11-2012, 10:27
AZƏRBAYCAN GÖMRÜKÇÜLƏRİ    DB-NİN HƏDƏFİNDƏ
DÜNYA BANKI GÖMRÜKDƏKİ RÜŞVƏTXORLUQLA BAĞLI TƏKLİFLƏR İRƏLİ SÜRDÜ

DİA.AZ: - Gömrük strukturlarında cərəyan edən özbaşınalıqlarla bağlı dəfələrlə yazılmasına, davamlı olaraq vətəndaş şikayətlərinin edilməsinə baxmayaraq, hələ də kimsə bu sektora əl gəzdirmək niyyətinə düşmür. Və bunun da nəticəsidir ki, narazılıqlar durmadan artır və vətəndaşları incidən gömrük məmurlarının yaratdığı «bespredel» mühitinin miqyası da genişlənir.

Onu da bildirək ki, bu vaxta qədər ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycanla bağlı hazırladıqları hesabatlarda ən çox korrupsiyalaşmış dövlət qurumlarımızın siyahısında gömrük sistemi səhiyyə və təhsil sistemi ilə birgə ilk üçlükdə qərarlaşıb ki, hələ də bu mövqe əldən verilməyib. Və artıq iki ilə yaxındır ki, dövlətin həyata keçirdiyi antikorrupsiya tədbirləri çərçivəsində məhz bu hesabatlarda nişan verilən istiqamətlərin heç biri ilə bağlı, həmçinin gömrüklə əlaqədar hansısa addımın atılmaması faktı belə bir qənaət yaradır ki, əslində hər üç strukturda baş verən korrupsiya və rüşvətxorluq məhz «yuxarıların» himayəsi altındadır. Əks halda hansısa ölçü götürülərdi.

Xatırladaq ki, ilk zamanlar Azərbaycanda antikorrupsiya tədbirlərinin Dünya Bankının maliyyə dəstəyilə həyata keçirilməsi xəbəri yayılsa da, sonradan dövlət rəsmilərimiz bu barədə danışarkən korrupsiya ilə mübarizənin nə layihə, nə də kampaniya olmadığını iddia edərək, bunun dövlət siyasətinin tərkib hissəsi olduğunu söylədilər. Doğrudur, sonradan, yəni bir neçə ay əvvəl prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizə ilə bağlı daha üç illik fəaliyyət proqramının həyata keçirilməsi üçün müvafiq sənədləri imzaladı. Amma bu faktın özü belə prosesin ilk günlərində Dünya Bankının iştirakçı olmasının ört-basdır edilməsi anlamına gəlmədi.

Bu günlərdə isə Dünya Bankının ekspertlərinin Bakıda rəsmi qurumlarımızla korrupsiya ilə mübarizə sahəsini müzakirə etməsi xəbəri yayıldı. Bir məlumat da gəldi ki, nədənsə DB-nin Bakıdakı nümayəndəliyi belə bir müzakirələrin aparılmadığını iddia etdi. Lakin fakt faktlığında qaldı və ortada yetərincə dəlillərin olması Bakı nümayəndəliyinin təkzibinin anlaşılmazlığı qənaətini formalaşdırdı.

Mötəbər mənbələrdən DİA.AZ-a verilən xəbərdə bildirilir ki, yenidən Dünya Bankı tərəfindən rəsmi Bakıya korrupsiya ilə mübarizə istiqamətində əməkdaşlıq üçün təkliflər göndərilib: «Həmin təkliflərdə konkret olaraq həmin ən çox korrupsiyalaşmış üç istiqamətdə islahatların həyata keçirilməsi yer alır ki, xüsusi ağırlıq da gömrük sisteminin üzərində köklənib».

Mənbəmiz bildirir ki, DB ekspertlərinin hazırladığı sənəddə Azərbaycan dövlətinə gömrük orqanları üzərində xüsusi nəzarətedici qurumun yaradılması təklifi edilir və eyni zamanda kadr islahatlarının aparılmasının zəruriliyi vurğulanır.

Bildirək ki, DB-nin Azərbaycanın gömrük sistemini bu şəkildə diqqətə layiq görməsi də səbəbsiz deyil. Çünki gömrük hər bir ölkənin qapısıdır və ölkəmizə daxil olan, nəyisə idxal edən hansısa əcnəbini məhz gömrükçülərimiz qarşılayır. Bununla yanaşı, dəfələrlə ayrı-ayrı dövlətlərin rəhbərləri məhz öz sahibkarlarının Azərbaycan gömrüyündə incidilməsi səbəbindən rəsmi Bakıya müraciətlər ediblər. Hətta bu mövzuda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəsmi Bakı ilə açıq müstəvidə də danışıqlar aparıb. Belə bir şəraitdə DB-nin gömrüklə bağlı təkliflər irəli sürməsi təsadüfi hesab oluna bilməz.

Geri qayıt