Əsas Səhifə > Siyasət, Manşet > NEFTLƏ YUYULAN YENİ MİLYARDLAR

NEFTLƏ YUYULAN YENİ MİLYARDLAR


11-11-2011, 11:08
NEFTLƏ YUYULAN YENİ MİLYARDLAR

13 MİLYARDLIQ ZAVOD KİMƏ VƏ NİYƏ LAZIMDIR?

DİA.AZ: - Azərbaycan hökuməti yeni neft-kimya kompleksi tikmək niyyətindədir. Məlumata görə, yeni neft-qaz emalı və neft-kimya kompleksi Qaradağ və Abşeron rayonları arasında yerləşəcək. ARDNŞ-dən verilən məlumata görə, zavodda ilkin olaraq ildə 10-15 mlrd. kubmetr həcmində qaz və 10 mln. ton neft emal olunacaq. Zavodun məhsulları isə "Euro-5" standartının tələblərinə cavab verəcək. Layihənin ümumi dəyəri isə 13 milyard dollardır.

Özü üçün 235 mln. dollarlıq bina inşa etdirən ARDNŞ-nin indi də 13 mlrd. dollarlıq zavod tikdirməsinə nə dərəcədə ehtiyac var idi? Ölkədə vəsaitə ehtiyacı olan kifayət qədər sahə var. Lakin hökumət daha çox nəqliyyat və neft sahəsinə vəsait ayırmağa üstünlük verir. Qeyd edək ki, ölkədə maye-qaz emalı və iki neftayırma zavodu var. 13 mlrd. yeni kompleksə sərf etmək əvəzinə bu zavodları modernləşdirmək mümkün deyildimi?

Düzdür hazırda mövcud olan neftayırma zavodları müasir texniki tələblərə tam cavab vermir və ətraf mühitə ziyan vurur. Məhz bu iki zavodun atdığı zərərli maddələr nəticəsində o ərazidə yaşayanlar arasında ağır xəstəliklər artıb. Bu səbəbdən də zavodların köçürülməsi bir neçə il əvvəl planlaşdırılmışdı. Yeni zavod isə yaşayış yerindən xeyli kənarda tikilməlidir. Lakin bütün bu əsaslara baxmayaraq ölkədə bu qədər böyük zavodu təmin edəcək xammal yoxdur. Azərbaycanda hasil olunan neft yeni zavodu təmin edə bilməyəcək. Köhnə zavodların ikisinin birlikdə gücü 22 mln. ton neftə hesablanmışdı. Ancaq indi ölkədə az miqdarda, 3 mln. tona yaxın neft saxlanılır. 3 mln. tona görə iri zavod tikmək gülüncdür.

Onu da bildirək ki, qaz emalı zavodunda genişlənmə gözlənilir. Amma ölkədə çıxarılan qazın həcmini dəqiq olaraq müəyyənləşdirmək mümkün deyil. Bu statistika ictimaiyyətdən gizlədilir. Eyni zamanda yeni qaz emalı zavodunun istehsal gücünün nə qədər olacağı və hansı qazla təmin olunacağı da məlum deyil. Bu səbəbdən də 13 mlrd. dollarlıq kompleksin nə dərəcədə yararlı olacağı şübhə altındadır.

Azərbaycanda reallaşdırılan layihələrin dəyərinin xarici ölkələrlə müqayisədə xeyli yüksək olduğu bu sırada diqqətə alınmalıdır. Azərbaycanda reallaşdırılan layihələr başqa ölkələrlə müqayisədə 10-15 dəfə baha başa gəlir. Bu da layihələrə nəzarətin olmaması, auditin keçirilməməsi səbəbindəndir. Yəqin, bu 13 milyardlıq layihə də xeyli şişirdilib.


Geri qayıt