Əsas Səhifə > Ölkə, Manşet > AYAZ MÜTƏLLİBOV YENİDƏN SİYASİ OLİMPƏ DOĞRU

AYAZ MÜTƏLLİBOV YENİDƏN SİYASİ OLİMPƏ DOĞRU


14-11-2012, 11:25
AYAZ MÜTƏLLİBOV YENİDƏN SİYASİ OLİMPƏ DOĞRU
KEÇMİŞ PREZİDENTLƏ BAĞLI İLGİNC PLANLAR

DİA.AZ: - Azərbaycanda heç nə təsadüfi deyil. Xüsusən də siyasi müstəvidə cərəyan edən olayların hansısa təsadüflərin quyruğuna calanması imkansızdır. Elə keçmiş prezident Ayaz Mütəllibovun 20 illik həsrətin ardından vətənə qaytarılması da çox ciddi planların tərkib hissəsi imiş və hətta «mən siyasətlə məşğul olmayacam», «mənə dövlət qulluğunda vəzifə verərlərsə, işləməyə hazıram» kimi ziddiyyətli açıqlamalar verməsinə rəğmən, bu gün Ayaz Mütəllibovun siyasətin episentrinə hazırlanması şübhəsizdir.

Bununla bağlı DİA.AZ-ı bilgiləndirən hökumət içindəki mənbənin sözlərindən belə aydın olur ki, bu gün Ayaz Mütəllibov kartından gen-bol istifadə olunması üçün plan hazırlanır: «Ayaz Mütəllibov heç şübhəsiz Rusiyanın adamıdır və illərdir ki, ona Kreml sahiblənib, onu Kreml bəsləməkdədir. Bu gün isə Kremlin Azərbaycandakı maraqları aşkar surətdə zərbə altına düşüb. Artıq rəsmi Moskva Azərbaycan hakimiyyətini şantaj etməyə qədər durumu gərginləşdirib. Əgər bu gün Rusiya Azərbaycan Təşkilatları İttifaqı adlı bir qurumun rəsmi Bakı tərəfindən boykot edildiyi bir məqamda həmin qurumun fəallarından birinə Rusiyanın prezidenti və baş naziri adından əslində açıq dəstəyi ifadə edən təbrik məktubu ünvanlanırsa, vəziyyətin ciddiliyi nəzərə alınmalıdır».

Mənbəmiz bildirir ki, belə bir şəraitdə rəsmi Moskva YAP iqtidarına qarşı bir neçə istiqamətdən həmlələr etməyi düşünür ki, həmin planların birində də Ayaz Mütəllibov yer almaqdadır: «Bu gün Ayaz Mütəllibov Şirvan eloktoratına sahiblənə biləcək bəlkə də yeganə fiqurdur. Bu eloktoratın böyük hissəsi hazırki iqtidara əks qütbdə dayanması səbəbindən hətta kənar qüvvələrin əlində dövlətə qarşı alətə belə çevrilib. Və belə bir şəraitdə Ayaz Mütəllibovun ortaya atılması onun asanlıqla Şirvan eloktoratının lideri mövqeyini bərpa etməsi ilə nəticələnə bilər».

Mənbəmiz bildirir ki, keçmiş prezidenti artıq bu yöndə Rusiyanın xüsusi xidmət orqanları təlimatlandırmağa da fürsət tapıblar: «Artıq Ayaz Mütəllibov müvafiq «instruktajla» tanış olub. Və gələn ilin əvvəllərindən etibarən keçmiş prezident aktiv şəkildə siyasətə qoşulacaq. Onun son günlər mətbuat səhifələrində intensiv olaraq görünməsi də əslində aktiv siyasətə tədarükün tərkib hissəsi kimi qəbul olunmalıdır».

Mənbəmiz onu da bildirdi ki, Ayaz Mütəllibovun Rusiyayanlı qüvvələrlə paralel hərəkət etməsi və onlarla paslaşacağı gözlənilir: «Rusiya hətta Ayaz Mütəllibovun təkrarən hakimiyyətə gətirilməsini belə gözdən keçirir. Əgər YAP iqtidarı ilə anlaşma olmazsa, münasibətlər daha da pisləşərsə, Kreml hətta bu versiyanı da həyata keçirə bilər».

Geri qayıt