Əsas Səhifə > Siyasət, Manşet > DÖVLƏT YOL POLİSİNDƏ PULTOPLAMA

DÖVLƏT YOL POLİSİNDƏ PULTOPLAMA


14-11-2012, 10:44
DÖVLƏT YOL POLİSİNDƏ PULTOPLAMA
İNDİ DƏ VƏTƏNDAŞLARA SAXTA İTTİHAMLARLA CƏRİMƏLƏR YAZIRLAR

DİA.AZ: - Son günlər ayrı-ayrı sürücülərin saxta qanun pozuntusu iddiaları ilə Dövlət Yol Polisinin ayrı-ayrı idarələrinə çağrılması bir ənənə halını alıb. Bu barədə DİA.AZ-a daxil olan şikayət məktubunda da eyni problemə toxunulur və redaksiyamıza müraciət edən Səbuhi Nəcəfov bildirir ki, bir neçə gün əvvəl ona DYP-dən zəng edilərək sözügedən qurumun Bakı şəhər şöbəsinə gəlməsi tələb olunub.

Vətəndaş yazır: «Mən hansı səbəbdən gəlməli olduğumu soruşdum. Bildirdilər ki, guya Mətbuat prospektində hərəkət edərkən qırmızı işıqda keçmişəm və bu da kameralara yaxalanıb. Mən isə yaxşı bilirdim ki, qırmızı işıqda heç vaxt hərəkət etməmişəm və mənə qarşı söylənən qanun pozuntusu ittihamı yalandır».

Daha sonra vətəndaş bildirir ki, o, heç bir qanunu pozmadığını iddia etsə də, davamlı olaraq DYP-dən edilən zənglər səbəbindən qeyd olunan şöbəyə getmək zorunda qalır: «Mən DYP-də olarkən hüquqlarımdan istifadə edib, mənə qarşı söylənən qanun pozuntusu ittihamının sübutlarını tələb etdim. Bu zaman mənə bildirdilər ki, narahat olmayım, indi «videofaktı» təqdim edəcəklər. Amma onların gətirdiyi «videofakt»dan da aşkar surətdə görünürdü ki, mən yaşıl işıqda yolu keçmişəm və sadəcə olaraq, həmin vaxtı böyük tutumlu sərnişin avtobusu yolu kəsdiyindən mənim hərəkət etməyim qeyri-mümkün olub».

Şikayətçi bildirir ki, onun başına daha bir hadisə də gəlib: «Həmin hadisədən sonra, məni Sumqayıtdan gələrkən DYP-nin baş idarəsinin yaxınlığındakı yol polisi postunda saxladılar ki, ödənməmiş cəriməm var və bu barədə maşınım hərəkət edərkən onların cihazı siqnal çalıb. Mən isə yenə də DYP əməkdaşları ilə mübahisə etdim və heç bir ödənməmiş cəriməmin olmadığını bildirdim. Amma yenə də məni get-gələ saldılar və sonda məlum oldu ki, həmin zaman mənim maşınıma paralel olaraq hərəkət edən maşının cəriməsi olduğundan DYP əməkdaşları yanlış olaraq mənim maşınımı saxlayıblar».

Onu da bildirək ki, artıq bu kimi halların ənənəyə çevrilməsi də müşahidə olunmaqdadır. Bu barədə redaksiyamıza məlumat verən hüquq-mühafizə orqanlarvındakı mənbə bildirir ki, əslində hüququnu bilməyən əksər sürücülər pozmadığı qanunlara görə cərimələr ödəyirlər: «Hər kəs öz haqqını tələb etmədiyindən DYP-də qurulan bu cür tələlər əksər hallarda effektiv olur».

Geri qayıt