Əsas Səhifə > Ölkə, Manşet > ARZU RƏHİMOVUN İDARƏSİ GƏNC ÖMRÜ "YEYİR"
ARZU RƏHİMOVUN İDARƏSİ GƏNC ÖMRÜ "YEYİR"10-11-2012, 13:54 |
HƏRBİ KOMİSSARLIQLAR GƏNCLƏRİMİZİN QƏSDİNƏ DURUB DİA.AZ: - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin işindəki biabırçı durumla bağlı dəfələrlə sizləri məlumatlandırmışıq. Diqqətinizə çatdırdığımız materiallardan da aydın olub ki, yenicə yaranmış bu dövlət xidməti aşkar surətdə öz işinin öhdəsindən gələ bilmir. Elə son hərbi çağırış zamanı yaranmış əsgər böhranı da bunun bariz nümunəsi idi. İndi isə daha bir biabırçı fakt aşkarlanıb. DİA.AZ bildirir ki, Sumqayıt şəhərində yerləşən «N» saylı hərbi hissənin əsgəri dünyasını dəyişib. Onun cəmi-cümlətanı bir ayın əsgəri olması da faktdır. Rəsmi məlumatlara görə, bir ay əvvəl Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılan İbrahimov Bəylər Elman oğlu xəstəlikdən dünyasını dəyişib. Onu da bildirək ki, artıq Müdafiə Nazirliyi bu ölüm faktını təsdiqləyib. Hər halda, başında Arzu Rəhimovun dayandığı hərbi çağırış sistemi üçün bu növbəti ayıb və həm də növbəti zərbə əhəmiyyətindədir. Çünki ayrı-ayrı hərbi komissarlıqların aldıqları rüşvətin müqabilində xəstəliyi olan gənclərimizi ordu sıralarına cəlb etməsi bir ənənə halını alıb və bu barədə mətbuatın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, bu işdə yeni olan Arzu Rəhimov heç bir tədbirə əl atmır. Ki, bu da son nəticədə onun səriştəsizliyi kimi qəbul olunur. Olsun, lap elə Arzu Rəhimovun özü də səriştəsizliyini çıxıb etiraf edə bilər. Amma fakt faktlığında qalır və yazıqlar olsun ki, bu səriştəsizlik Azərbaycanda gənclərin canını almaqla müşaiyət olunur. Geri qayıt |