Əsas Səhifə > Cəmiyyət > TOVUZ SƏHİYYƏSİ RÜŞVƏT MƏNGƏNƏSİNDƏ

TOVUZ SƏHİYYƏSİ RÜŞVƏT MƏNGƏNƏSİNDƏ


8-11-2012, 11:23
TOVUZ SƏHİYYƏSİ RÜŞVƏT MƏNGƏNƏSİNDƏ
XƏSTƏXANA İŞÇİSİ ƏMƏLLİ-BAŞLI BAZAR AÇIB

Redaksiyamıza Tovuz rayonunda fəaliyyət göstərən səhiyyə sistemi mərkəzləri ilə bağlı maraqlı məlumatlar daxil olub.
7GUN.az xəbər verir ki, Tovuz rayon mərkəzi xəstəxanasında höküm sürən özbaşınalıqlar yerli camaatı canından bezdirib. Belə ki, bu barədə rayondan bizə daxil olan şikayət məktubunda bildirilir ki, rayon səhiyyəsində baş verən rüşvətxorluq və özbaşınalıqlar özünün pik həddinə çatıb.

Mənbənin verdiyi məlumata görə, Tovuz mərkəzi xəstəxanasının nəzdində fəaliyyət göstərən diaqnostika - USM aparat həkimi Bəxtiyar Quliyev işlətdiyi aparatı sırf öz şəxsi əmlakı kimi istismar edir. Bildirilir ki, B.Quliyev Tovuz və digər bölgələrdən gələn xəstələri həkim təyinatları ilə müayinədən keçirməlidir. Ancaq o, heç bir təyinat-filan soruşmadan xəstələri öz bildiyi kimi müayinədən keçirir və hər kəsdən də istədiyi pulu alır.

Onun yanına isə daha çox hamilə qadınlar müayinə üçün gəlirlər. Mənbənin dediyinə görə, B.Quliyevin yanına müayinə üçün hər gün 40-a yaxın qadın gəlir. Həmin qadınların çox az bir qismi təyinatla, əksəriyyəti isə təyinatsız müraciət edənlərdir.

B.Quliyevin xəstələrə müayinə üçün qoyduğu qiymətin metodu da maraqlıdır. Belə ki, məlumata görə, o, hamilə qadınların hansının bətnində oğlan uşağı varsa, ondan 20 manat, hansında qız uşağı varsa ondan 10 manat alır.
Mənbəmiz bildirir ki, B.Quliyev bu pulların hamısını özünə götürə bilmir. O, Tovuz rayon səhiyyə müdiri Paşa Muradova da qazandığından aylıq haqq verir. Qeyd olunana görə, B.Quliyev bunu özü də etiraf edir.

Onu da bildirək ki, P.Muradov haqqında belə məlumatlar dəfələrlə mətbuatda yer alıb. Bu da onlardan növbətisidir.
Yazıda adı çəkilənlərin münasibətini yayımlamağa hazırıq.

Geri qayıt