Əsas Səhifə > Gündəm, Manşet > AĞDAMDA TƏHSİLİN EVİNİ KİMLƏR NECƏ YIXMAQDADIR?

AĞDAMDA TƏHSİLİN EVİNİ KİMLƏR NECƏ YIXMAQDADIR?


8-11-2012, 10:53
AĞDAMDA TƏHSİLİN EVİNİ KİMLƏR NECƏ YIXMAQDADIR?
CAVİD QURBANOVA GÜVƏNƏN MÜDİRƏ MİLYONLARI RAHATCA MƏNİMƏSYİR

DİA.AZ: - Ağdam Rayon Təhsil Şöbəsindəki maliyyə maxinasiyaları ilə bağlı redaksiyamıza ilginc faktlar ötürülüb. Bildirək ki, əldə etdiyimiz məlumatlar əslində kimsədə təəccüb yaratmaya bilər. Çünki biz də yaxşı bilirik ki, başında Misir Mərdanovun dayandığı Azərbaycanın təhsil sistemi boğaza qədər korrupsiyaya bulaşdığından hansısa neqativ faktın aşkarlanması kimsədə heyrət yaratmır. Buna bir növ vərdiş də etmişik.

DİA.AZ-a rayondakı qaynaqlardan ötürülən informasiyalardan aydın olur ki, bu gün kimsə Ağdam rayon təhsil şöbəsinin rəhbərliyinə bata bilmir. Bunun isə bir neçə nədənləri var. Mənbəmiz bildirir ki, mətbuatda barəsində dəfələrlə yazılmasına baxmayaraq, “Azəryolservis” ASC-nin prezidenti Cavid Qurbanova güvənən Elmira Şükürova hətta maliyyə nazirliyindən gələn müvafiq yoxlamalar zamanı da sudan quru çıxmağı bacarır. Halbuki nazirlik rəsmiləri dəfələrlə bu rayonun təhsil sistemində külli miqdarda yeyinti ilə nəticələnən korrupsiya faktlarını aşkarlayıblar.

Mənbəmizin məlumatına görə, bu günlərdə aparılan yoxlamalar zamanı da külli miqdarda korrupsiya faktları aşkarlanıb: “Yoxlamalar nəticəsində 500 min manat dəyərində yeyinti faktı aşkarlanıb. Buna baxmayaraq, nə Maliyyə Nazirliyi, nə də digər əlaqədar təşkilatlar ciddi bir tədbir görə bilməyiblər. Səbəbsə xanım müdirənin arxasında Cavid Qurbanovun dayanmasıdır. Amma real araşdırmalar aparılarsa, bu vəsait daha da böyüyər və məlum olar ki, milyon manatdan çox korrupsiya faktı var”.

Mənbəmiz əlavə edir ki, bu yaxınlarda bir sıra təşkilatlar da Ağdam təhsili ilə bağlı araşdırmalar aparmışdı: “Ağdam Rayon İcra Hakimiyyəti və Maliyyə Nazirliyinin apardığı araşdırmalarla bağlı əldə edilən sənədlərdən məlum oldu ki, Ağdam rayonunun təhsil sahəsinə ayrılmış büdcə vəsaitlərinin xeyli hissəsi talan edilib və bu talançılıq müxtəlif forma və metodlarla həyata keçirilib. Bu faktlar arasında saxta məlumatların təqdim edilməsi əsasında siniflərin və məktəblərin açılması halları xüsusi yer tutur. Yerli məktəblərdə təhsilə cəlb edilmiş şagirdlərin və yaxud digər köçkün məktəblərin şagirdlərinin adları siyahıya əlavə edilərək, saxta siniflər açılır, məktəblər təsis edilir. Yaxud yeni köçkün məktəblərinin yaradılması üçün ərazidə faktiki fəaliyyət göstərən məktəbin şagird kontingenti olduğu kimi ikinci dəfə götürülür və həmin məlumat əsasında təkrar ikinci məktəb açılır. Eyni zamanda bu sinif və məktəblər üçün uzun illər boyu maliyyə vəsaiti ayrılır və mənimsənilir. Məsələn, Ağdam rayonunun Bərdə şəhərində fəaliyyət göstərən 140 saylı köçkün ibtidai məktəb direktorun Bərdədə məskunlaşdığı mənzilin bir otağında yerləşir. Gələn yoxlamalara isə həyətin girişində 2 ədəd parta qoyulmuş, 4x4 ölçüdən ibarət bir otağın məktəb olduğu bildirilir. Məktəbin jurnallarında adları yazılmış 33 şagirddən 21-i Bərdə sakinidir və bu şagirdlərin hamısı yerli məktəblərdə təhsil alır.

Yaxud digər fakt, Ağdam RTŞ-də psixoloq təhsili olmayan 34 nəfər psixoloq vəzifəsinə təyin edilib və təkcə bu hala görə tədris ilinin 8 ayı ərzində dövlət büdcəsindən 92802.70 AZN dövlət əmlakı mənimsənilib. Faktlardan biri müəllimlərin orta aylıq əmək haqqı ilə bağlıdır: Nazirlər Kabinetinin 1994-cü il, 181 saylı qərarının 2-ci bəndi əsasında orta aylıq əmək haqqı ilə təmin edilən müəllimlərin sayına 2001-ci ildə qeyri-qanuni olaraq 199 nəfər artırılıb və onlar 10 il müddətində orta aylıq əmək haqqı ilə təmin ediliblər. Məsələ burasındadır ki, həmin müəllimlərin 70-i yenə də qanunsuz yolla əməkhaqqı almaqdadır”.

Onu da qeyd edək ki, bu kimi faktlar əvvəldən də ictimailəşsə də, təhsil nazirliyi də Cavid Qurbanovun qohumunun qarşısında aciz qalıb və nazirlik quru töhymətlə “tədbir görməsi” barədə təssürat yaratmaqla kifayətlənməli olub.

Qarşı tərəfi də dinləməyə hazırıq.


Geri qayıt