Əsas Səhifə > Partiya > “BU GÜN AZƏRBAYCANDA SAXTA ALİMLƏR BOLDUR”

“BU GÜN AZƏRBAYCANDA SAXTA ALİMLƏR BOLDUR”


10-11-2011, 15:11
“BU GÜN AZƏRBAYCANDA SAXTA ALİMLƏR BOLDUR”

DEMOKRATLARDAN RAFİQ ƏLİYEVƏ DƏSTƏK

Azərbaycan Demokrat Partiyası mətbuat xidmətindən DİA.AZ-a verilən məlumata görə, partiya görkəmli alim Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında tutduğu kafedra müdiri vəzifəsindən azad edilməsi ilə əlaqədar qərara münasibət bildirən bəyanat qəbul edib.

Bəyanatda deyilir: “ADP Azərbaycan elmini dünyada təmsil edən azsaylı alimlərimizdən biri, müstəqil vətəndaş mövqeyinə malik ictimai xadim, görkəmli alim Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri vəzifəsindən, onun siyasi baxışlarına və ictimai fəaliyyətinə görə azad edilməsini siyasi sifarişli qərar kimi qiymətləndirir və bunu repressiv hərəkət kimi qətiyyətlə pisləyir.

ADP Rafiq Əliyevin işdən azad edilməsini ictimai həyatın bütün sferalarının, o cümlədən elmin siyasiləşdirilməsinin nəticəsi hesab edir. Görkəmli alimin vəzifədən azad edilməsi yalnız onun özünə yox, Azərbaycan elminə qarşı repressiyadır. Bu gün Azərbaycanda saxta alimlərin bolluğunda həqiqi elm adamlarına qarşı bu cür hərəkətlərə yol verilməsi əslində Azərbaycan elminə, dövlətimizin və xalqımızın beynəlxalq imicinə ciddi zərbədir.

ADP dövlət başçısını, Rafiq Əliyev haqqında verilmiş ədalətsiz qərara münasibət bildirməyə, Rafiq Əliyevin pozulmuş hüquqlarını Konstitusiyaya uyğun olaraq bərpa etmək üçün zəruri addımlar atmağa və Azərbaycan ziyalılarının heysiyyatı ilə oynamağa cəhd edənləri ciddi cəzalandırmağa, həqiqi elm adamlarını, ölkənin mütərəqqi ictimaiyyətini isə hakimiyyət dairələrinin bu qanunsuz qərarına etiraz bildirməyə çağırır.”


Geri qayıt