Əsas Səhifə > Cəmiyyət > TƏRTƏR SƏHİYYƏSİNDƏ AVTORİTET REJİMİ

TƏRTƏR SƏHİYYƏSİNDƏ AVTORİTET REJİMİ


6-11-2012, 13:26
TƏRTƏR SƏHİYYƏSİNDƏ AVTORİTET REJİMİ
BÜTÜN TİBBİ PERSONAL FAİZƏ OTUZDURUB

Tərtər Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynov rayonun bütün səhiyyə sistemini özəlləşdirib. Daha doğrusu Yaşar həkim Tərtərin səhiyyə sistemini özünün dədə malı kimi idarə edir.

PİA.AZ-a Tərtərdən daxil olan məlumata görə baş həkim istər Mərkəzi Xəstəxanada, istərsə də kəndələrdə faliyyət göstərən səhiyyə ocaqlarında korrupsiya piramidası qurub. Belə ki, baş həkim səhiyyə sistemində çalışan süpürgəçidən, sanitardan tutmuş həkiminə qədər hər kəsdən aylıq alır. Bu azmış kimi Yaşar Hüseynovun dövlətin Tərtər səhiyyəsinə ayırdığı hər şeyi mənimsəyir.

Daxil olan məlumata görə, Tərtər rayonu üzrə təxminən min nəfərə yaxın güzəştli kateqoriyadan xəstələr var. Bunlardan təxminən 550 xəstə şəkərli diabet, 100 ruhi-əsəb xəstəsi, 150 onkoloji xəstə, 150 vərəm xəstəsidir. Məlumatda o da qeyd olunur ki, əslində bu rəqəmlər tam həqiqəti əks etdirmir, çünki, bu tip xəstələr qeydə düşməməyə çalışırlar. Ölkə qanunvericiliyinə əsasən hər ay bu xəstələrə lazım olan qədər dərman və tibbi ləvazimat həmin xəstələrə pulsuz olaraq verilməlidir. 27 fevral 2007-ci ildə Səhiyyə və Maliyyə nazirliklərinin birgə əmrinə əsasən 141 adda dərman pulsuz olaraq güzəştlə kateqoriyalı xəstələrə verilməlidir.

Məlumatda bildirilir ki, şəkər xəstələrinin yalnız 1%-nə, o da hay küy salıb şikayət edənlərə, dərman verilir. Ruhi - əsəb və vərəm xəstələrinə güzəştli dərmanlar qəti olaraq verilmir. Xəstə sahiblərinin çoxunun dövlətin bu humanist qərarından xəbəri yoxdur, bilənlər də görürlər ki, vermirlər, məcbur qalıb özləri aptekdən baha qiymətə alırlar.

Səhiyyə Nazirliyinin 01 dekabr 2005-ci il tarixli 141 nömrəli əmrinə əsasən isə xəstəxanaların bütün şöbələrində təcili tibbi yardım üçün 60 adda dərman və 23 adda tibbi ləvazimat məcburi şəkildə hər bir şöbədə olmalıdır. Bu dərmanlardan hər hansı birisi işlənərsə, dərhal onun yeri doldurulmalıdır. Bildirilir ki, Yaşar həkim xəstəxanaya baş həkim təyin edilənə qədər bu əmr və siyahıda göstərilən dərman və tibb ləvazimatlarının siyahısı xəstəxananın divarlarından asılmışdır. İndi heç o siyahıda yoxdur ki, görənlərin də ürəyi bulanmasın. Həmin 60 adda dərmanlar və 23 adda tibbi ləvazimatlar isə təbi tibb ocaqlarından yoxa çıxıb. Xəstəxanaya gələnlərin hər biri laxım olan dərmanları və tibb ləvazimatlarını özləri almaq zorundadırlar. Amma məsələ orasındadır ki, xəstələr həmin dərmanları Yaşar həkimin apteklərindən alırlar.

Belə ki, daxil olan məlumatda bildirilir ki, Tərtər Mərkəzi Xəstəxanasının baş həkimi Yaşar Hüseynovun Tərtərdə iki, Bərdənin mərkəzində isə iki böyük apteki var. Və dövlətin xəstəxanaya yolladığı dərmanları baş həkim bu apteklərdə satdırmaqla məşğuldur. Quduzluq əleyhinə zərdablar, tetanus əleyhinə əleyhinə (pas iynəsi) zərdab, ilan vurma əleyhinə zərdab və ən vacib olan dərmanları da xəstəxanalarda tapmaq mümkün deyil. Amma onları baş həkimin apteklərindən baha qiymətə almaq mümkündür.

Bu azmış kimi baş həkim həmçinin səhiyyə sistemində çalışan hər kəsdən aylıq alırö aylıq verməyənlər isə təbii ki, tutduğu vəzifədə çalışa bilməz. Avtoritetlərin dili desək, Yaşar həkim xəstəxananın bütün həkim və tibbi personalını faizə bağlayıb. Beləliklə, həkimlərdən ayda 100 manat, USM aparatı işlədən və rentgen həkimlərindən 200 manat, təcili yardım həkimlərindən ayda 50 manat, tibb bacılarından ayda 20 manat, digər personallardan - sanitar, sürücü, qapıçı və s. Persenollardan ayda 10 manat «xərac» alır. «Xərac»ın yığılma vaxtı bəlli vaxtdır və hər kəs həmin vaxt «xərac»ı ödəmək zorundadır.

Qeyd edək ki, PİA.AZ-a daxil olan məlumatda Yaşar həkimin «özfəaliyyəti» barədə daha ciddi faktlar yer almaqdadır. Sadəcə həmin faktlar üzərində dəqiqləşdirmə apardıqdan sonra oxucularımıza təqdim edəcəyik…

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…

Geri qayıt