Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROVA QARŞI 25 NƏFƏR

KƏMALƏDDİN HEYDƏROVA QARŞI 25 NƏFƏR


6-11-2012, 13:15
KƏMALƏDDİN HEYDƏROVA QARŞI 25 NƏFƏR
FHN ŞEFİ MƏHKƏMƏDƏ CAVAB VERMƏLİ OLACAQ

2010-cu ilin yazında baş vermiş güclü leysan yağışları və Kür Araz daşqınları zamanı qrunt sularının səviyyəsinin artması nəticəsində evlərinə və təsərrüfatlarına ciddi ziyan dəymiş, problemləri bu günə qədər həll olunmayan bir qrup İmişli rayon sakinin Fövqəladə Hallar Nazirliyinə (FHN) və İmişli rayon İcra Hakimiyyətinə qarşı Şirvan şəhər İnzibati İqtisad Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı mətbuat xidmətindən bildirilib ki, hakim Rafael Eyvazovun sədrliyi ilə 4 qrup olmaqla 25 nəfərin iddiası üzrə hazırlıq iclası olub. Məhkəmədə cavabdeh tərəf- FHN-nin nümayəndəsi Vüqar Hacıyev, iddiaçılarla yanaşı, onların nümayəndəsi, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev iştirak edib.

Məhkəmədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Vüqar Hacıyev iddiaçıların evinə keçirilən texniki baxışla bağlı baxış aktlarının surətini və iddia ilə bağlı təmsil etdiyi nazirliyin rəsmi mövqeyini məhkəməyə təqdim edib. FHN təmsilçisi qeyd edib ki, iddiaçılar arasında bəzi şəxslər var ki, onların evlərinə nazirliyin müvafiq komissiyası tərəfindən indiyə qədər baxış keçirilməyib. O fikrini bununla əlaqələndirib ki, evlərinə baxış keçirilən şəxslərin siyahısı FHN-ə yerli İcra hakimiyyətləri tərəfindən təqdim olunur və həmin şəxslərin adları sözü gedən siyahıda olmayıb. FHN təmsilçisi eyni zamanda qeyd edib ki, bəzi iddiaçıların iddiası üzrə onların evləri ilə bağlı araşdırmalar davam edir.

Məhkəmədə çıxış edən iddiaçıların nümayəndəsi, hüquq müdafiəçisi Oqtay Gülalıyev 2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarından təxminən 30 aya yaxın vaxt keçməsinə və problemlərin həlli istiqamətində dövlət büdcəsindən 460 milyon manat vəsait ayrılmasına baxmayaraq, hələ də bir sıra təsirə məruz qalan insanların problelərinin həll olunmadığını bildirib. O qeyd edib ki, daşqınlardan 30 ay keçməsinə baxmayaraq FHN- nin hələ də bu qəbildən olan bəzi insanların problemlərini “araşdırması” absurddur. İmişli RİH- in isə artıq bir neçə dəfədir ki, məhkəməyə gəlməkdən boyun qaçırması məhkəməyə və qanunlara açıqca hörmətsizlikdir.

Məhkəmənin gedişində hər bir iddiaçı iddialarında qaldıqlarını bildirərək məhkəmədən ziyan dəymiş, yaşayış üçün yarasız vəziyyətə düşmüş evlərinin tikilməsini və ya bərpa olunmasını, eləcə də onlara ədalətli kompensasiya ödənilməsinin FHN üzərinə qoyulması ilə bağlı qərar çıxarılmasını məhkəmədən xahiş ediblər.

Hakim növbəti məhkəmə prosesində İmişli RİH- in iştirakı ilə bağlı adı çəkilən quruma rəsmi məktub göndəriləcəyini bildirərək məhkəmə prosesini 28 noyabra qədər təxirə salıb.

Xatırladaq ki, 2010- cu ilin yazında baş verən Kür Araz daşqınları zamanı ölkənin 30-a yaxın rayonunda evlərə və təsərrüfatlara ciddi ziyan dəyib. Ziyanın aradan qaldırılması üçün dövlət büdcəsindən 460 milyon manatdan artıq vəsait ayrılıb. Hələ də yüzlərlə insan evlə və ədalətli kompensasiya ilə təmin olunmayıblar. Hazırda 96 ailə bununla bağlı FHN və yerli İcra Hakimiyyətlərini məhkəməyə veriblər. 2 nəfərin iddiası Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. İddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

Geri qayıt