Əsas Səhifə > Partiya > MÜHAKİMƏ MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ SALINDI

MÜHAKİMƏ MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ SALINDI


10-11-2011, 14:01
MÜHAKİMƏ MİLLİ DİRÇƏLİŞ GÜNÜNƏ SALINDI

İSLAMÇILARIN APELLYASİYA MƏHKƏMƏSİNİN VAXTI TƏYİN OLUNDU

Mövsüm Səmədov, Vaqif Abdullayev və Rufulla Axundzadənin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlının verdiyi məlumata görə, apellyasiya məhkəməsinin artıq vaxtı müəyyən olunub.

Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin islamçılar (Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadə) barədə 7 oktyabr hökmündən apellyasiya şikayəti verilmişdir. Mövsüm Səmədov, Vaqif Abdullayev və Rufulla Axundzadənin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlının FaktXeber.com-a verdiyi məlumata görə, apellyasiya məhkəməsinin artıq vaxtı müəyyən olunub. “Appelyasiya məhkəməsi noyabr ayının 17-si Bakı Appelyasiya Məhkəməsində saat 12:00-da hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.”,-deyə Anar Qasımlı məlumat verib. Anar Qasımlı məhkəmə prosesi ictimaiyyət üçün açıq olacağını bildirib.

Qeyd edək ki, Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədovun 12 il, Vaqif Abdullayevin 11 il, Fəramiz Abbasovun 11 il, Rufulla Axundzadənin 11 il 6 ay, Dəyanət Səmədov və Firdovsi Məmmədrzayevin isə hər birinin 10 il müddətinə həbs verilməsinə dair hökm çıxarıb. Hökmə əsasən onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Zülfüqar Mikayılzadə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzasına məhkum olunub.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurdular.

Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülmüşdü.

Geri qayıt