Əsas Səhifə > Gündəm, Manşet > DÖVLƏT ADINA İŞLƏNƏN TALAN SİYASƏTİ

DÖVLƏT ADINA İŞLƏNƏN TALAN SİYASƏTİ


10-11-2011, 13:45
DÖVLƏT ADINA İŞLƏNƏN TALAN SİYASƏTİ

«BANK OF BAKU» VƏTƏNDAŞLARI NECƏ TALAN EDİR?

DİA.AZ: - Azərbaycanın ayrı-ayrı banklarının fırıldaqçı əməlləri barədə yerli mətbuatda dəfələrlə bilgilər verilib. Bu əsnada daha çox ad çıxaranı isə keçən ilin oktyabr ayında məşhur «WikiLeaks» təşkilatı tərəfindən açıqlanan məxfi sənədlərdə İran kəşfiyyatına yaxın bir bank kimi təqdim olunan «Bank of Baku»dur.

Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sözügedən ölkənin Dövlət Departamentinə ünvanladığı məxfi qrifli məlumatlarda bildirilirdi ki, bu bank vasitəsilə İranın xüsusi xidmət orqanlarına aid çirkli pullar yuyulmaqdadır. Bir ay ərzində İrandan qara yollarla ötürülən 5 milyon dollar məhz «Bank of Baku»nun «çistilişe»lərində təmizlənir.

Bundan əlavə, bu bankın eyni zamanda «Hyundai Auto Azerbaijan» şirkəti ilə ortaq şəkildə vətəndaşlara divan tutması da mətbuatda səslənən fikirlərdəndir. Bildirək ki, «Hyundai Auto Azerbaijan» şirkəti əslən İrandan olan və ETTEALAT-la mübhəm əlaqələri olan Oromi ailəsinə məxsusdur. Eyni zamanda bu ailənin sahiblik etdiyi NAB şirkəti də «Bank of Baku»nun əsas payçılarından biridir. Bu ailənin varidatları sırasında «Baku Electronics» kimi mühüm bir struktur da yer almaqdadır. Hər halda, belə bir imkan çevrəsinin Azərbaycanda hansı səviyyəli əlaqələrə malik olmasını təxmin etmək o qədər də çətin deyil.

Təbii ki, bu əlaqələr də öz növbəsində Azərbaycan vətəndaşlarına divan tutulması üçün də münbit şərait yaradır. Məhz «Bank of Baku»nun müştərisi olma səbəbindən yüzlərlə Azərbaycan vətəndaşının əmlakı əlindən alınıb. Bu bankdan kredit götürən onlarla vətəndaşımızın bu gün evlərini satışa çıxardığı da faktdır.

«Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia.az) ötürülən məlumatda isə bildirilir ki, «Bank of Baku»nun fırıldaq yolu ilə vətəndaşları talamasında iştirakçılardan biri də Ədliyyə Nazirliyidir: «Məhz bu nazirlikdə qurulan saxta hərraclar yolu ilə vətəndaşların kreditlərinin müqabilində olan əmlakları dəyər-dəyməzinə satılır. Halbuki satış hüququ kredit alan vətəndaşda olsaydı, onu istədiyi qiymətə sata bilərdi».

Mənbəmiz bildirir ki, hətta bu işdən nazir Fikrət Məmmədovun da məlumatı var: «Hər halda, nazirin bu işlərdən xəbərsiz olması qeyri-mümkündür. Çünki hərraclar nazirin birbaşa diqqətindədir».

Mənbənin sözlərinə görə, ilk əvvəl vətəndaşların əmlakını nisbətən münasib qiymətə satışa çıxaran «Bank of Baku» nümayəndələri sonradan maxinasiyalar yolu ilə əmlakın qiymətini öldürürlər: «Yalandan hərrac elan olunur, amma təşkil edilmir. Çünki hərracda həqiqi alıcıların iştirakı təmin edilmir. Bundan sonra ikinci hərrac təşkil olunur. Bu da saxta sənədlər üzərində baş verir. Hətta əmlakın sahibi olan vətəndaş israr etsə belə, yenə də eyni ssenari işə düşür. Çünki xəbəriz olan real müştərilərin hərracda iştirakları mümkünsüzdür. Bu yolla kredit müqabilində qoyulan əmlakın qiyməti öldürülür».

Mənbə bildirir ki, vətəndaşların əmlaklarını bu şəkildə dəyər-dəyməzinə satan «Bank of Baku» yönəticiləri əslində bu xalqın düşmənləridir: «Hər halda, düşmən olan kəs insanlarımızı bu yolla müflisləşdirər. Buna dövlət adına işlənən, dövlətin də şərik olduğu TALAN SİYASƏTİ də demək olar».

Geri qayıt